Azərbaycan, Bakı, 9 iyul /Trend/
"Araz İNC" MMC-də küllü miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olunması faktları üzrə başlanmış cinayət işi üzrə istintaq davam edir.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 olan, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış "Araz İNC" MMC-də aparılan vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə 2,12 hektar torpaq sahəsində inşa edilən 1 (bir) bloklu 13 (on üç) yaşayış, 2 (iki) qeyri-yaşayış, 1 (bir) texniki və 2 (iki) zirzəmi mərtəbəsindən ibarət olan binanın 5242,30 kvadratmetr yaşayış və 1043 kvadratmetr qeyri-yaşayış sahəsi 01.02.2009-cu il tarixdən 01.01.2013-cü il tarixədək olan dövr ərzində müxtəlif şəxslərə satılaraq 8.224.450,00 manat vəsait əldə olunsa da, həmin dövriyyəni əks etdirən bəyannamələr vergi orqanına təqdim edilməmiş, habelə "Araz İNC" MMC tərəfindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan tikinti-quraşdırma işləri həyata keçirilmişdir.
İbtidai istintaq zamanı "Araz İNC" MMC-nin qeydiyyat sənədlərinə əsasən, onun təsisçilərinin Abdullayev Abbas Abdulla oğlu və Abdullayeva Zeynəb Bayraməli qızı olmasına baxmayaraq, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Abdullayev Hüseyn Abbas oğlunun həyata keçirdiyi aşkar edilmişdir.
01.02.2009-cu il tarixdən 01.01.2013-cü il tarixədək olan dövr ərzində cəmiyyət tərəfindən 1269533,88 manat məbləğində əlavə dəyər vergisi və 244546,61 manat məbləğində hüquqi şəxsin mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 1514080,49 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılmışdır.
Abdullayev Hüseyn Abbas oğlu "Araz İNC" MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 966023,16 manat məbləğində gəlir əldə etmiş, Azərbaycan Respublikası CM-nin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və küllü miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə, həmin maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmuş, lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və respublika hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.