...

Ombudsman Beynəlxalq Sülh gününə həsr edilmiş uşaq rəsm sərgisi təşkil edib

Cəmiyyət Materials 21 Sentyabr 2013 15:07 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə elan edilmiş Sülh aylığı başa çatıb.
Ombudsman Beynəlxalq Sülh gününə həsr edilmiş uşaq rəsm sərgisi təşkil edib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə elan edilmiş Sülh aylığı başa çatıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu aylıq çərçivəsində tədris müəssisələrində çoxsaylı tədbirlər, maarifləndirici seminarlar, müsabiqələr keçirilmiş, uşaq və yeniyetmələr sülh mövzusunda rəsmlər çəkiblər. Silsilə tədbirlərin davamı olaraq, Ombudsmanla Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının birgə təşkil etdiyi "Sülh və tolerantlıq nümunəsi Azərbaycan" adlı uşaq rəsm sərgisinin "Uşaq dünyası" Rəsm Qalereyasında açılışı olub. Müvafiq dövlət orqanları, QHT-lər, uşaq təşkilatları, KİV nümayəndələrinin, müəllimlərin və valideynlərin qatıldığı sərgidə 100-dək rəsm nümayiş etdirilib.

Ombudsman Elmira Süleymanova tədbiri açaraq iştirakçıları Beynəlxalq Sülh Günü münasibətilə təbrik edib. O, sülh mədəniyyətinin ilk növbədə ailədən başlanmasının vacibliyini diqqətə çatdırıb, valideynlərin öz övladlarına erkən yaşlardan bu istiqamətdə bilgilər verməsini tövsiyə edib.

Müvəkkil Ermənistanın xalqımıza qarşı 25 ildən artıq müddətdə davam edən təcavüzü nəticəsində uşaqların da doğma yurdda təhlükəsiz yaşamaq, təhsil, sağlamlıq və digər hüquqlarının pozulduğunu vurğulayıb. O, bütün insan hüquqlarının təmin olunmasının yalnız sülh şəraitində mümkünlüyünü söyləyib, torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkünu olan ölkəmiz üçün sülh mövzusunun önəmli olduğunu diqqətə çatdırıb, bu gün Azərbaycanın haqq işini sülhsevər qüvvələrə çatdırmağın ən mühüm zərurət kimi qarşıda durduğunu önə çəkib. O, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən xalqımızın sülh mövzusuna həssas yanaşdığını diqqətə çatdırıb, belə tədbirlərin sülh mövzusunun təbliğinə təkan verdiyi bildirib.

Müvəkkil Beynəlxalq Sülh Gününü təsis edən BMT tərəfindən bütün dünya dövlətlərinə sülhyaratma proseslərinin önündə getməyin, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmanın tövsiyə olunduğunu vurğulayıb.

Ombudsman sərginin təşkilində göstərdiyi köməyə görə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəhbərliyinə təşəkkürünü bildirib.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi üzvlərinin sülh mövzusunda təqdimatı iştirakçılar tərəfindən maraqla dinlənilib.

T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova bu ənənəvi sərginin Ombudsmanla səmərəli əməkdaşlıq şəraitində təşkil olunduğunu, Müvəkkilin fəaliyyətində uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilməsinin də mühüm yer tutduğunu nəzərə çatdırıb. O, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi üzvlərinin də sərgidə orijinal rəsmlərlə təmsil olunduğunu bildirib.

Dini Qurumlar üzrə Dövlət Komitəsinin şöbə müdiri Ə.Zülfüqarov Ombudsmanın təşəbbüsü ilə keçirilən bu sərginin mühüm əhəmiyyət kəsb etdiyini, belə tədbirlərin təşkilinin ölkənin gələcəyinə, uşaqlara qayğılı münasibətin təzahürü olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən valideynlər isə bu sərginin keçirilməsinə görə Müvəkkilə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə qaliblərin adları açıqlanıb. Ombudsman 60 uşağa sertifikatlar və hədiyyələr təqdim edib.

Qeyd edək ki, rəsmlərdə uşaqların sülh arzuları, vətənpərvərliyi, torpaqlarımızın tezliklə işğaldan azad olunması, vətən səmasını aydın görmək istəyi öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti