...

TQDK sədri: Attestat qiymətləri nəzərə alınsa, ali məktəblərə qəbulda "əlaçılar" öz biliyi hesabına bal toplayanları üstələyə bilərlər

Cəmiyyət Materials 28 Yanvar 2014 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

2013-cü ildə abituriyentlərin 65%-i qəbul imtahanlarında 200-dən az bal toplayıb. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda bildirib.

O qeyd edib ki, bu il qəbul imtahanlarında "2", "4" və "5" qiymət alanların faizi artıb, "3" qiymət alanların faizi isə azalıb: "Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-200), (200-300), (300-500), (500-700) intervallarına bölərək, ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 65 faizi imtahandan "2", 13.8%-i "3", 15.7%-i "4", 5.6%-i isə "5" qiymət alıb. Ötən il bu göstəricilər uyğun olaraq 64.7%, 15.1%, 15.5%, 4.8% olub. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramına nəzər salsaq, görərik ki, qəbul olanların 27.7%-ni "3", 41.3%-ni "4", 14.8%-ni isə "5" qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər uyğun olaraq 29.3%, 43.6%, 13.7% olub".

M.Abbaszadə deyib ki, 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituruiyentlərin isə 22%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olananlardır. Bu il Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyent lərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

TQDK sədri əlavə edib ki, tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97.47%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42.26 faizi attestat qiymətlərini doğrulda bilib: "Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti