...

Bakı metrosu ərazisindəki ticarət obyektləri martın 27-dən söküləcək

Cəmiyyət Materials 12 Mart 2014 15:04 (UTC +04:00)
Bakı metrosu ərazisində, keçidlərdə ticarət obyektlərinin söküləcəyi qərarına etiraz olaraq bir qrup şəxsin "Bakı Metropoliteni" QSC-nin Baş İdarəsi qarşısında aksiya keçirmək cəhdinin qarşısı alınıb.
Bakı metrosu ərazisindəki ticarət obyektləri martın 27-dən söküləcək

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

Bakı metrosu ərazisində, keçidlərdə ticarət obyektlərinin söküləcəyi qərarına etiraz olaraq bir qrup şəxsin "Bakı Metropoliteni" QSC-nin Baş İdarəsi qarşısında aksiya keçirmək cəhdinin qarşısı alınıb.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, narazı şəxslərin bir qismi "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi tərəfindən qəbul olunub.

Qəbulda iştirak edənlərin verdikləri məlumata görə, görüşdə metropoliten ərazisindəki obyektlərin söküntüsünə martın 27-dən başlanacağı bildirilib. İlkin olaraq metro kassalarının yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC metropoliten ərazisində ticarətlə məşğul olan şəxslərlə icarə müqavilələrini uzatmayacaq.

Qurumun mətbuat xidmətindən öncə Trend-ə verilən məlumata görə, metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.

Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti