Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Turizm İnstitutu Avropa İttifaqının LMPH "Gürcüstan, Azərbaycan və Moldavada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı" 544191 Tempus 1-2013 -1-PT JPCR" layihəsində iştirakçı hüququ qazanıb.
İnstitutun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi iştirakçı ali məktəblərin tədris planlarının müasir metodologiyaya uyğun hazırlanması, həmin tədris planlarının Avropa Universitetləri ilə eyniləşdirilməsi, ikili diplomların və diploma əlavələrin verilməsini nəzərdə tutur.
Layihə çərçivəsində aprel ayının 7-11-dək Fransanın Tonon-le-Ben şəhərində keçirilən ilk Beynəlxalq seminarda ATİ-ni "Turizm biznesi" kafedrasının müdiri dosent Bahadur Bilalov təmsil edib. Layihənin ümumi koordinatoru Fransadakı Grenobl Akademiyasının professoru Jean-Noel Pachoud ATİ-nin böyük gələcəyi olduğuna əminliyini bildirib.