...

AMEA elmə dair sənədlərin təkmilləşdirilməsini istəyir

Cəmiyyət Materials 29 Aprel 2014 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi fəaliyyət sahəsinə aid normativ-hüquqi bazanın təkmilləşdirilməsini zəruri sayır.

Akademiyanın akademik katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Trend-ə bildirib ki, müstəqillik illərində AMEA-nın fəaliyyətinə mane olan amillərdən biri də müvafiq normativ-hüquqi bazanın lazımi səviyyədə olmaması idi. Hazırda müzakirə prosesində olan "Elm siyasəti haqqında" qanunun qəbul edilməsi elm sahəsində dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

R.Əliquliyev qeyd edib ki, elm və innovasiya sahəsində tam bir paket normativ-hüquqi sənədlərin işlənib hazırlanması lazımdır.

AMEA rəsmisinin sözlərinə görə, elm və təhsilin inteqrasiyası ilə bağlı əməli addımların atılmasına da ciddi ehtiyac var.

O, əlavə edib ki, gənclərin elmi fəaliyyətə cəlb edilməsi üçün Akademiyanın institutları nəzdində aparıcı ali təhsil müəssisələrinin baza kafedraları, həmçinin magistratura yaradılmalıdır: "Hazırda Akademiyanın elmi-texniki bazası yenilənməkdədir və burada aparılan araşdırmalarda dünyanın qabaqcıl texnologiyalarından geniş şəkildə istifadə olunmaqdadır. Hesab edirik ki, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrdə Akademiyanın elmi laboratoriyalarının iş təcrübəsi və avadanlıqlarından istifadə bacarıqlarının formalaşdırılması nəzəri biliyin tədrisə daha əsaslı şəkildə ötürülməsinə imkan yarada bilər. Buna görə də elm və təhsilin inteqrasiyası ilə bağlı əməli addımların atılmasına ciddi ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti