Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İzzət/
"Bakıda müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödənişlər üçün 3 zona müəyyən ediləcək. Şəhərin mərkəzindən kənara getdikcə qiymətlər aşağı olacaq". Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev məlumat verib.
Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsində avtomobilləri park etmək üçün ödənişli qarajlar çoxdur. Lakin kənarlarda belə qarajlar yoxdur. Təbii ki, əhalinin rahatlığı üçün orada da nizam-intizam yaratmaq lazımdır. Amma orada qiymətlər daha ucuz olacaq.
H.Abdullayev bildirib ki, parkomatların hamısı dövlət xətti ilə gətirilib quraşdırılacaq və yığılan pullar Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə köçürüləcək.
Onun sözlərinə görə, müvəqqəti duracaqlar videomüşahidə altında olduğundan, sürücü avtomobili 30 dəqiqədən artıq saxlasa, əlavə olaraq 5 dəqiqə də gözləniləcək: "Əgər yenə də ödəmə edilməsə, avtomobilin sahibi avtomatik olaraq İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, cərimə olunacaq və ona bu barədə yol polisi tərəfindən bildiriş göndəriləcək".
H.Abdullayev deyib ki, bundan əlavə, avtomobili müvəqqəti duracaqda 4 saatdan artıq saxlamaq mümkün olmayacaq: "Bu müddət maksimum 4 saat müəyyən edilib. Çünki artıq həmin parkomatda ödəmə etmək mümkün olmayacaq. Bundan sonra sürücü avtomobili həmin duracaqdan götürməlidir. Ən yaxşı halda o, avtomobili başqa müvəqqəti duracaqda və ya parkinqlərdə saxlaya bilər: "Məsələn, elə Konstitusiya Məhkəməsində və ya yaxınlıqda hər hansı yerdə işləyən şəxs belə problemlə üzləşməmək üçün avtomobilini elə günün əvvəlindən o əraziyə yaxınlıqda yerləşən parkinqdə və ya Füzuli meydanındakı parkinqdə saxlayıb işə piyada gələ bilər. Bu, bütün dünyada belədir. 500 metr ayaqla gəzmək problem deyil. Avropada avtomobili park etdikdən sonra 1 km də piyada gedirlər. Əks halda yol polisi gəlib avtomobili aparacaq".
Onun sözlərinə görə, müvəqqəti duracaqda avtomobili saxlamaq üçün güzəştli qiymətlər yalnız yaxınlıqda yaşayan sakinlər üçün tətbiq ediləcək. Onlar üçün aylıq ödəmə 15 manat müəyyən edilib. Lakin bu güzəşt də bir mənzil üçün bir avtomobilə şamil ediləcək: "Elə insanlar var ki, üç-beş avtomobili var. Əgər onlar da avtomobili müvəqqəti duracaqda saxlasalar, onda bunun heç bir xeyiri olmayacaq və vəziyyət yenə əvvəlki kimi olacaq".
Sonda departament rəhbəri paytaxt sakinlərinə müraciət edərək qoyulan qayda-qanuna riayət etmələrini xahiş edib: "Bakı şəhər sakinlərindən avtomobillərini park edərkən bir az mədəniyyətli olmalarını xahiş edirik. Biz hamımız icraçıyıq. Bu işlər də ona görə görülür ki, şəhərin yollarında rahatlıq yaransın. Ona görə də xahiş edirik, bu işlərə maneçilik törədilməsin".
Qeyd edək ki, artıq şəhərin mərkəzində quraşdırılan parkomatda yarım saatın qiyməti 50 qəpik, bir saatın qiyməti isə 1 manatdır.