...

Bakı Metropoliteni məcburi köçkünlərə sonuncu xəbərdarlığını etdi (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 21 May 2014 11:31 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin söküntüsü üçün son xəbərdarlıq edib.
Bakı Metropoliteni məcburi köçkünlərə sonuncu xəbərdarlığını etdi (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

"Bakı Metropoliteni" QSC "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin söküntüsü üçün son xəbərdarlıq edib.

Trend-in məlumatına görə, bu gün "Bakı Metropoliteni" QSC-nin nümayəndələri 7-ci mikrorayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəlləyə gələrək əraziləri zəbt edən məcburi köçkünlərə sonuncu xəbərdarlıq ediblər.

Qeyd edək ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki, müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunub. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər biri mənzillə təmin olunsa da, 6 ailə köçməkdən imtina edir.

N.Paşayevin sözlərinə görə, 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya tələb edir. Metropoliten isə evlərin sökülməsi və tikinti materialların daşınması üçün lazımi köməyi təklif edir.

Xatırladaq ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət ediblər, lakin onların iddiaları təmin edilməyib.

Ərazidə məskunlaşmış məcburi köçkün Allahverdi Doluxanov iddia edir ki, buradakı evi özü tikib, ev onun şəxsi mülkiyyətidir və evə dair bələdiyyədən və digər qurumlardan müvafiq sənədi var.

O, ərazidən köçmək istəmədiyini və evinin hər kvadratmetrinə görə kompensasiya tələb etdiyini deyir.

Ərazidə məskunlaşmış digər məcburi köçkün Xudiyeva Məlahət isə qeyd edir ki, əgər tələb etdikləri kompensasiya ödənilsə ərazini tərk edəcəklər: "Biz bu evləri özümüz tikmişik, buradakı zibilliyi təmizləyib məskunlaşmışıq, dövlət tərəfindən bizə verilən mənzilləri istəmirik. Biz evimizin hər kvadratmetrinə görə, bazar qiymətlərinə uyğun kompensasiya tələb edirik. Vaxtilə bu qiymət 750 manat idisə, hazırda 1000 manatdır. Biz kompensasiyanı alsaq, dövlət tərəfindən verilən evlərdən də imtina edəcəyik, elə indi də imtina edirik".

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov jurnalistlərə bildirib ki, vaxtilə Bakı Metropoliteninə məxsus ərazini zəbt etmiş 32 məcburi köçkün ailəsindən 26-sına Komitə tərəfindən Mehdiabad qəsəbəsində tikilmiş evlərdə mənzil verilib: "Ərazini tərk etməyən 6 ailəyə də həmin qəsəbədə mənzillər ayrılıb. Dövlət Komitəsi bu ailələrə kompensasiya verilməsinin əleyhinə olmayıb, onlar bununla bağlı bütün məhkəmə instansiyalarını keçiblər, lakin məhkəmə məcburi köçkünlərə kompensasiya verilməsini hüquqi hesab etməyib. Bakı Metropoliteninin ərazisində plana uyğun olaraq müvafiq dövlət tədbirləri həyata keçirilməlidir. Dövlət Komitəsinin üzərinə məcburi köçkünlərə mənzil ayrılması düşür ki, həmin mənzillər də artıq ayrılıb, lakin bu ailələr köçmək istəmirlər".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri N.Paşayev jurnalistlərə bildirib ki, Metropolitenin ölkə başçısı, dövlət və Bakı sakinləri qarşısında böyük məsuliyyəti var və onlara tapşırılan işləri həyata keçirmək üçün bu ərazi dərhal boşaldılmalıdır: "Ona görə də bu gün ərazini zəbt etmiş insanlara son xəbərdarlıq edilir, əgər ərazi boşaldılmasa, sabahdan etibarən evlərin sökülməsinə və ərazinin məcburi şəkildə boşaldılmasına hər an başlana bilər".

Onun sözlərinə görə, Bakı Metropoliteni rəhbərliyinin qarşısında ərazinin köçürülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Razılığa əsasən, yerli sakinlərə hər kvadratmetrinə 720 manat dəyərində kompensasiya ödənilib. Onlar pulu alıb, özlərinə başqa yerdən mənzil alıblar, daha sonra ərazini tərk ediblər. İki ailə isə pulu alsa da, köçmək istəmir. Məcburi köçkünlərə isə evlərin sökülməsi və əşyaların daşınması üçün yardım məqsədi ilə müxtəlif texnikalar və işçi qüvvəsi cəlb olunub.

N.Paşayevin sözlərinə görə, ərazini tərk etməyən altı məcburi köçkün ailəsi əlavə kompensasiya tələb edir, lakin dövlət tərəfindən məcburi köçkünlərə kompensasiya ödənilməsi məsələsi həll olunmadığı üçün onlar yalnız Mehdiabad qəsəbəsində mənzillə təmin olunublar: "Bu proseslər başlayanda hətta bir ailə ayrı-ayrılıqda ev almaq üçün rəsmi şəkildə boşanıb, həm ərə, həm arvada mənzil verilib, boşanmalarına baxmayaraq, onlar ikisi də bir yerdə yaşayırlar".

Ərazidən köçmək istəməyən altı ailənin də bəzi üzvləri artıq Mehdiabad qəsəbəsindəki mənzillərə köçüb və orada yaşayırlar, sadəcə buradakı evləri də tərk etmək istəmirlər.

N.Paşayev əlavə edib ki, bir məcburi köçkün ailəsinin üzvlərinin sayı çox olduğundan onlara Mehdiabadda 2 mənzil təklif olunub: "Köçmə prosesi uzandığı müddətdə həmin ailənin bir oğlu evlənib. İndi ailənin sayı artdığına görə onlar əlavə bir ev də tələb edirlər, ona görə də Bakı Metropoliteninə məxsus ərazidəki evi tərk etmək istəmirlər".

O, qeyd edib ki, bu evlər zəbt olunmuş ərazidə qanunsuz və sənədsiz tikilib.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2013-cü il tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı evlərin, həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19 avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı aradan qaldırıb.

Bununla bağlı Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyası 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarını dəyişdirmədən saxlayıb və iddiaçıların kassasiya şikayətini təmin etməyib. Buna görə də "Bakı Metropoliteni" QSC söküntü işlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti