...

Vəkil Anar Bağırov: Qanunsuz ağac kəsənlər və heyvanlarla rəhmsiz davrananlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar

Cəmiyyət Materials 23 May 2014 13:47 (UTC +04:00)
Son zamanlar ölkə mətbuatında, sosial mediada ağacların qeyri-qanuni kəsilməsi, heyvanlara işgəncələrin verilməsi, dolayısı ilə flora və faunaya qarşı biganə münasibətin şahidi olmağımız böyük təəssüf doğurur.
Vəkil Anar Bağırov: Qanunsuz ağac kəsənlər və heyvanlarla rəhmsiz davrananlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Son zamanlar ölkə mətbuatında, sosial mediada ağacların qeyri-qanuni kəsilməsi, heyvanlara işgəncələrin verilməsi, dolayısı ilə flora və faunaya qarşı biganə münasibətin şahidi olmağımız böyük təəssüf doğurur. Bir neçə gün öncə Bakıdakı Botanika Bağında ağacların qırılması və Quba rayonunda küçük pəncəsinin qəsdən kəsilməsi və bu faktın mətbuatda işıq üzü görməsi insanı həyəcanlandırmaya bilməzdi. Bütün bu neqativ hallar cəmiyyətin vicdanlı nümayəndələrinin haqlı reaksiyası ilə də qarşılaşır.

Ümumiyyətlə, belə hallara qarşı eko-humanitar təşəbbüslərə çoxsaylı yerli, habelə təbiətin mühafizəsi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar da qoşulurlar. Azərbaycanda da bu işə ən yüksək səviyyədə həssaslıqla yanaşılır. Belə ki, analoji təşəbbüslərin sırasında IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq), Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti, "BARS Sahibsiz Heyvanlara Qayğı" İctimai Birliyi, dövlət tərəfindən təsis olunmuş "Təmiz Şəhər" ASC və sair bu kimi qurumların adını çəkə bilərik.

Bundan əlavə, Prezident İlham Əliyev də öz çıxışında dəfələrlə ağacların qanunsuz kəsilməsinə qarşı sərt şəkildə münasibət bildirib.

Məsələ ilə bağlı Azərbaycan Hüquq İslahatları Mərkəzinin rəhbəri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov Trend-ə bildirib ki, bu cür könüllü təşəbbüslərin sayının çoxluğu hələ ki, təbiətin mühafizəsi sahəsində problemləri kökündən həll etmir. Bunun üçün dövlət tərəfindən müəyyən olunan zəruri hüquqi mexanizmlər həyata keçirilməlidir. Vəkilin sözlərinə görə, yaxşı haldır ki, ölkəmizdə təbiətin və canlı ekosistemin mühafizəsi haqqında təkmil qanunvericilik bazası mövcuddur. O, bu sırada "Bitki mühafizəsi haqqında", "Heyvanlar aləmi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanunlar, həmçinin Azərbaycan Respublikasının qoşulduğu beynəlxlaq sənədlər - "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqinda" Konvensiya, "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Avropa Konvensiyasının adını çəkib.

A.Bağırovun fikrincə, təbiətin mühafizəsi sahəsində qeyri-qanuni əməllərin qarşısının alınması üzrə ən əsas qanunvericilik sənədləri İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsidir. O, qeyd edib ki, son illər İnzibati Xətalar və Cinayət məcəllələrinə edilmiş mütərəqqi dəyişikliklər təqdirəlayiqdir: "Cinayət Məcəlləsində hətta meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz olaraq kütləvi şəkildə kəsilməsinə görə 2500 manatdan 3500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin İnzibati Xətalar Məcəlləsində, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimənin məbləği 25 manatdan 500 manata qaldırılıb. Məcəlləyə edilən bu dəyişiklik artıq 2013-cü il may ayının 31-dən qüvvədədir. Lakin görünən odur ki, cəzaların sərtləşdirilməsi belə faktların sayının azalmasına əhəmiyyətli təsir göstərə bilməyib".

Vəkil deyib ki, sivil ölkələrin praktikasında artıq uzun illərdir ki, bitki örütüyünün və ağacların qanunsuz kəsilməsinə qarşı cinayət məsuliyyətinin nəzərdə tutulması mövcuddur: "Bu, əsasən Qərb ölkələrinin təcrübəsinə aiddir. Təkcə onu demək kifayətdir ki, Çex Respublikasında ağacların mühafizəsi məsələsini tənzimləyən 400-dən artıq qanunvericilik aktı mövcuddur. Macarstanda isə meşə fonduna aid olmayan ağacın kəsilməsi belə 3 aylıq azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əfsuslar olsun ki, təbiətə bu cür həssas yanaşma halını postsovet ölkələrinin qanunvericiliyində görə bilmirik".

Mərkəzin rəhbəri qeyd edib ki, heyvanlarla rəhmsiz davranışa görə cinayət məsuliyyəti nəzərdə tutulması, ümumiyyətlə, dünya tarixində heyvanlarla rəhmsiz davranışa qarşı ilk qanunvericilik aktının 1822-ci ildə Böyük Britaniyada qəbul olunması, hətta Avstriyada 2004-cü ildə qəbul olunmuş qanuna görə itlərin zəncirdə saxlanılmasının, şirlərin sirkdə istifadə olunmasının, it və pişik balalarının zoomaqazinlərdə cansıxıcı qəfəslərdə saxlanılmasının cinayət məsuliyyətinə səbəb olması haqqında maraqlı məlumatlar əldə olunub: "Almaniya dünyada ilk ölkədir ki, 2002-ci ildən heyvanların hüquqları Konstitusiya səviyyəsində qorunur və orada belə əməllərə görə 25000 avro həcmində cərimə də tətbiq olunur. Bundan əlavə, İspaniya, Fransa, Xorvatiya, Kanada, Finlandiya, hebelə postsovet ölkələri olan Litva, Ukrayna, Latviya, Rusiya, Gürcüstan, Qazaxstan, Qırğızstanda bu cür əməllərə görə həmin ölkələrin cinayət məcəllələrində cəzalar nəzərdə tutulub. Məsələn, qonşu Gürcüstanda heyvanlarla rəhmsiz davranmaya görə bir ilədək islah işləri cəzası müəyyən olunub. Rusiyada analoji cinayətə görə bir ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası və iri məbləğdə cərimə nəzərdə tutulub".

A.Bağırov hesab edir ki, ağacların kəsilməsi, habelə heyvanlara qarşı rəhmsiz davranışın Azərbaycanda da kiriminallaşdırılmasının - cinayət qanunvericiliyinə əlavə edilməsinin vaxtı çoxdan gəlib çatıb: "Azərbaycanın Cinayət Məcəlləsində heyvanların kütləvi məhvinə səbəb olan əməllərə görə cəza nəzərdə tutulmasına baxmayaraq, tək-tək, kütləvi tələfata səbəb olmayan hallarda da cinayət qanunvericliyi ilə cəzanın müəyyən edilməsi zəruridir. Həmçinin ağacların tək-tək kəsilməsi hallarının da cinayət qanunvericiliyi ilə cəzalandırılması əhəmiyyət daşıyır və belə tədbirlər insanları ekoloji tərbiyəsinə təsir edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti