Azərbaycan, Bakı, 9 iyul /Trend/
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor, Moskva Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, ictimai-siyasi xadim Zahid Qaralovun anadan olmasının 80 illik yubileyi qeyd olunub.
Trend xəbər verir ki, bu münasibətlə konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP-ın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Zahid Qaralovu yubileyi münasibətilə təbrik edib, ona can sağlığı və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Z.Qaralovun partiya qarşısında xidmətlərindən danışan Ə.Əhmədov qeyd edib ki, o, ictimai-siyasi sahədə ən fəal insanlardan biri olub: "XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan özünün çox həssas dövrünü yaşayarkən Zahid Qaralov ulu öndər Heydər Əliyev ideyalarının müdafəsinə qalxan, onun yayılmasına töhfə verən şəxslərdən, ziyalılardan biri olub. Onun bu sahədə müstəsna xidmətləri danılmazdır".
Ə.Əhmədov həmçinin bildirib ki, YAP Səbail rayon təşkilatı yarandıqdan bəri Zahid Qaralov ona rəhbərlik edib və bu təşkilat partiyanın indiyədək ən güclü təsisatlarından biridir. Onun sözlərinə görə, Zahid Qaralovun Heydər Əliyev ideyalarına bağlılığı, fədakarlığı gənclərə nümunə ola bilər.
Konfransda çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor, sabiq millət vəkili Şahlar Əsgərov Zahid Qaralovun ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, ümummilli lider Heydər Əliyevin də vaxtilə Z.Qaralov fəaliyyətini yüksək qiymətləndirdiyi əks etdirən məktubunu oxuyub.
Z.Qaralovu qeyri-standart düşüncəli alim kimi səciyyələndirən Ş.Əsgərov deyib ki, o, həyatının mənasını gənclərə düzgün yol göstərməkdə və məsləhət verməkdə görür: "Zahid müəllimin gəncləri xoş gələcəyə aparan formulası belədir: Həqiqət+elm+bacarıq=qələbə".
Ş.Əsgərov bildirib ki, Z.Qaralovun yaşadığı 80 il, şair demiş, quru-quru rəqəmlər deyil: "Bu ömrün hər günü olmasa da, hər həftəsi hünərlərlə zəngindir. Milli, dövləti, pedaqoji, elmli, şərəfli, namuslu həyatla və ciddi hadisələrlə dolu bir ömürdür".
Daha sonra filologiya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının akademiki Abdulla Mehrabov çıxış edərək Z.Qaralovun ictimai-siyasi və elmi fəaliyyəti barədə geniş məlumat verib.
Z.Qaralovu əqidəsinə, amalına sadiq insan kimi dəyərləndirən A.Mehrabov qeyd edib ki, onun həyatına, elmi-pedaqoji, ictimai fəaliyyətinin bütün sahələrinə nəzər saldıqda açıq-aydın hiss olunur ki, o, öz adının daşıdığı məna və məzmumunun hər iki qütbünün göstəricilərini çox uğurla yerinə yetirib və bundan sonra da indiki əqidəsi, amalı ilə yaşayacaq.
Çıxış edən millət vəkili, Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, millət vəkili, Bakı Dövlət universitetinin rektoru Abel Məhərrəmov və başqaları Z.Qaralovun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb, onun elmi-pedaqoji, o cümlədən ictmai-siyasi fəaliyyətini yüksək qiymətləndirib, onu yubileyi münasibətilə təbrik edib, hədiyyələr təqdim ediblər.
Sonda çıxış edən yubilyar hər bir iştirakçıya, onu təbrik edən hər kəsə, eləcə də YAP-a, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.
Heç zaman işdən yorulmadığını və gələcəkdə də fəaliyyətini davam etdirəcəyini deyən Z.Qaralov onu 100 illik yubiley münasibətilə təbrik etmək arzusunda olanların bu arzusunu yerinə yetirəcəyinə söz verib.
Sonda Z.Qaralovun 80 illik yubileyi münasibətilə ziyafət verilib.
Qeyd edək ki, konfrans çərçivəsində hər bir iştirakçıya Z.Qaralovun 80 illik yubileyinə həsr olunmuş "Müdrik müəllimimiz. Zahid Qaralov-80" adlı yeni işıq üzü görmüş kitab təqdim olunub. Kitabda professorun müxtəlif vaxtlarda mətbuata verdiyi müsahibələr, eləcə də bir qrup alim tələbələrinin və yaxın dostlarının yubilyar barədə üzrək sözləri, arzu və istəklərini əks etdirəm məqalələr yer alıb. Kitabda toplanan yazılarda Z.Qaralovun bioqrafiyası, həyat yolu, 60 illik elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas parametrləri öz əksini tapıb.
"Ön söz"ün müəllifi olan yubilyar yazır: "80 yaş elə də az deyil. Heç vaxt "heyif ki, qocaldım deməmişəm" və deməyəcəm də. Bu sözü dünya malında gözü olanlar, maddi və qeyri-maddi imkanlarını xalqla bölüşməyi bacarmamış insanlar deyə bilərlər. Mənim nəyim varsa - elmim, imkanım - hamısını bölüşmüşəm. Bu gün əvvəlki illərdən də məhsuldar çalışıram, elmi əsərlər yazıram. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə yazdığım böyük monoqrafiyanı tamamlamışam, çapa hazırlayıram. "Dünya təhsil sistemlərinin inkişaf perspektivləri barədə" fundamental əsər üzərində işləyirəm, hissə-hissə mətbuatda dərc etdirirəm. Doktorantlarımdan üç nəfərinin dissertasiyasını oxuyub, redaktə edirəm. Başqa sözlə, elmi yaradıcılığa daxil olan bütün parametrlər üzrə gərgin işləyirəm".