...

Azad Rəhimov BMT Baş Assambleyasında Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarından danışacaq

Cəmiyyət Materials 17 Oktyabr 2014 16:26 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov BMT Baş Qərargahında çıxış edəcək.
Azad Rəhimov BMT Baş Assambleyasında Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarından danışacaq

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

Gənclər və idman naziri Azad Rəhimov BMT Baş Qərargahında çıxış edəcək.

Gənclər və İdman Nazirliyinin mətbut xidmətindən Trend-ə bildiriblər ki, oktyabrın 20-də BMT Baş Qərargahında keçiriləcək Baş Assambleyanın 69-cu sessiyasında iştirak etmək məqsədi ilə gənclər və idman naziri A.Rəhimov ABŞ-a rəsmi səfər edəcək.

Sessiya çərçivəsində "İnkişaf və sülh naminə İdman" bəndi altında müzakirələr keçiriləcək. Müzakirələr zamanı nazir öz çıxışında müstəqillik qazandığı gündən ölkəmizin bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi, 2016-cı ildə Bakıda şahmat üzrə 42-ci dünya çempionatının və "Formula 1 Grand Prix" yarışının, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə isə UEFA Avropa turnirinin keçiriləcəyi haqqında məlumat verəcək.

Eyni zamanda, A.Rəhimov Azərbaycanın birinci xanımı, Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında 2015-ci il 12 iyun tarixindən Bakıda start götürəcək ilk Avropa Oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq. Nazir 17 gün ərzində ölkəmizdə keçiriləcək Avropa Oyunlarına Avropanın 6 mindən çox idmançısının qatılacağını və onların 20 idman növündə mübarizə aparacaqlarını, idmançıların və ölkəmizə gələcək turistlərin ölkəmiz haqqında müsbət rəy əldə etmələri və Oyunların yüksək səviyyədə keçirilməsi üçün lazımi hazırlıq işlərinin görüldüyünü vurğulayacaq.

Öz çıxışında nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana diqqət və qayğısından və son 10 ildə ölkəmizdə 50-dən artıq idman obyektlərinin tikilib istifadəyə verilməsindən, idmançılarımızın Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında, Nanjinqdə keçirilmiş yeniyetmələr arasında Olimpiya Oyunlarında qazandıqları qələbələr haqqında da iştirakçıları məlumatlandıracaq.

Sessiya zamanı, həmçinin I Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi və təbliğat xarakterli tədbirlərin təşkili, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və I Avropa Oyunlarına həsr olunmuş sərginin təşkili və təbliğat xarakterli materialların paylanılması da planlaşdırılır.

Səfər 25 oktyabr 2014-cü il tarixdə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti