Azərbaycan, Bakı, 19 may /Trend/
Çexiya xarici işlər nazirinin müavini Petr Drulakın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tələbə-müəllim heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayıb, ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində görülən işlərdən, Azərbaycan və Çexiya universitetləri arasındakı əməkdaşlıqdan, tələbə-müəllim mübadiləsi, birgə layihələr üzərində həyata keçirilən işlərdən bəhs edib.
Sonra P.Drulak çıxış edərək iştirakçıları salamlayıb, Bakı Dövlət Universitetində keçirilən bu görüşün əhəmiyyətindən söz açıb, Çexiya- Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib.
Qonaqlar universitetin Tədris elektron mərkəzi ilə tanış olduqdan sonra görüş Çexiya xarici işlər nazirinin müavini P.Drulakın universitet tələbələri üçün mühazirəsi ilə başa çatıb.