...

"Təlimin keyfiyyətinin yüksəldilməsi" adlı beynəlxalq konfrans öz işinə başlayıb

Cəmiyyət Materials 17 Noyabr 2016 12:34 (UTC +04:00)
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
"Təlimin keyfiyyətinin yüksəldilməsi" adlı beynəlxalq konfrans öz işinə başlayıb

Bakı. Trend:

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə Mərkəzin direktoru Qrem Pollok konfransda şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi istiqamətində müzakirələrin aparılacağını deyib. O, konfransda iki tanınmış beynəlxalq məruzəçi - ABŞ-dan Bill Martin və Yeni Zelandiyadan Debra Mastersinin iştirak etdiyini deyib.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında bildirib ki, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin yeni binasının açılışı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına bir töhfədir: “Avropa Azərbaycan Cəmiyyəti ölkədə təhsilin inkişafına xüsusi önəm verir. Bu məqsədlə ölkədə ən qabaqcıl təhsil standartlarına cavab verən Avropa Azərbaycan Məktəbi təsis edilib. Məktəb 3-5 yaşlı uşaqlar üçün erkən elm, ibtidai və tam orta məktəb pilləsində yerli və beynəlxalq standartlar üzrə təhsil verir. Məktəb beynəlxalq məktəblərin Avropa Şurasına, Beynəlxalq Məktəblər Şurasına üzv qəbul olunub, Beynəlxalq Bakalavrlar Təşkilatının diplom proqramı üzrə avtorizasiya alıb. Cəmiyyət tərəfindən təsis edilmiş “TEAS Press” və “Üç alma” nəşriyyatları vasitəsilə beynəlxalq təhsil proqramları əsasında Azərbaycan dilində tədris resursları, dünya miqyasında böyük nüfuz qazanmış tanınmış şirkətlərlə əməkdaşlıq nəticəsində 150-dən çox adda elmi kütləvi və bədii-tədris vəsaitləri çap olunub”.

T.Heydərov deyib ki, iki gün davam edəcək konfransda iştirakçıların bu nəşrlərdən ibarət sərgidə kitablarla tanışlıq imkanı olacaq: “Postsovet məkanında müəllim hazırlığı üzrə yeni model hesab etdiyimiz Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təsis edilməsi təhsil sahəsində böyük nailiyyətdir. Mərkəzə müəllimlər üçün əlavə təhsil mərkəzi kimi dövlət tərəfindən lisenziya verilib. Mərkəzin işini müasir standartlar çərçivəsində təşkil etmək üçün yüksək səviyyəli mütəxəssislər cəlb olunub. Müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb. Mərkəzdə müəllim hazırlığı üzrə elmi pedaqoji tədris kitabxanası təşkil edilib, kitabxana ən müasir avadanlıqlarla təchiz olunub. Konfransda yerli təhsil sisteminin baxışlarının dəyərləndirilməsi əsas məqsədlərdən biridir. Təhsili dəstəkləyən maraqlı məruzələr dinləniləcək, təqdimatlar keçiriləcək. Konfransın işi səmərəli olacaq, yeni əlaqələr yaradılacaq”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Avropa Azərbaycan Cəmiyyətinin ən müxtəlif sahələrdə innovativ fəaliyyətə böyük üstünlük verdiyini vurğulayıb: “İnnovativ fəaliyyət olmasa, yeni nəsli tərbiyə etmək, gələcəyə hazırlamaq çətindir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı ideyadan reallığa keçidə böyük təkan verdi. İnnovativ fəaliyyətlər ölkə reallıqları nəzərə alınmaqla daha çox fayda verir. Konfrans yeniliklərə açıqdır. Konfransa dəvət edilən ekspertlər dünyada qəbul olunub, onların innovativ baxışları sınaqdan keçirilib. Konfransa hazırlıq prosesi, konfransın ana tezisləri, mahiyyəti iştirakçılara çatdırılıb. Bu konfrans təhsilimiz üçün yeni baxışdır".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov isə bildirib ki, Avropa Azərbaycan Cəmiyyəti müəllimlərin keyfiyyətinin artırılması istiqamətində böyük təşəbbüs göstərir.

Konfrans mühazirələrlə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti