...

YAP regionda gənclərin sayına, onlara göstərilən diqqət və qayğıya görə liderdir (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2017 16:00 (UTC +04:00)
Nizami rayonunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
YAP regionda gənclərin sayına, onlara göstərilən diqqət və qayğıya görə liderdir (FOTO)

Bakı. Trend:

Nizami rayonunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə keçirdiyi tədbirdə Dövlət himni səslənib, ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə dair hesabat videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.

YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Partiyanın da gənclərə xüsusi münasibət bəslədiyini qeyd edən Seymur Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası regionda həm gənclərin sayına, həm də cəmiyyətin bu aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir.

Çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov söyləyib ki, ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal gənclərlə işə başlayan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. Ulu öndər Heydər Əliyev Gənclər və İdman Nazirliyini yaratdı, 1996-cı ildən başlayaraq gənclərin forumları təşkil edildi, 1997-ci ildə isə imzalanan Sərəncamla fevralın 2-si Gənclər Günü elan edildi. Bununla yanaşı, gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilmiş proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm faktora çevrildi.

Qeyd edilib ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Prezident İlham Əliyev bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyi sədri Sevinc Abdullayeva isə qeyd edib ki, Nizami rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlar.

Sonra partiyaya qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Məktəbi”nin məzunlarına sertifikatlar, Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən Rasul Çunayevə və partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəallığına görə bir qrup gəncə fəxri fərmanlar, xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti