...

Mədəniyyət ictimaiyyəti mülki əhalinin qətli ilə əlaqədar bəyanat yayıb

Cəmiyyət Materials 6 İyul 2017 16:31 (UTC +04:00)
Azərbaycanın mədəniyyət ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında vəziyyət və işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.
Mədəniyyət ictimaiyyəti mülki əhalinin qətli ilə əlaqədar bəyanat yayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın mədəniyyət ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında vəziyyət və işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir: “İyul ayının 4-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejimi düşmən tərəfindən növbəti dəfə pozulmuş və işğalçı ordunun birləşmələri bu dəfə də xaincəsinə davranaraq azərbaycanlı əhalinin yaşadığı kəndləri hədəf alıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndindəki yaşayış evlərini iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olun, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanın".

Bəyanatda qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən çoxdur davam edən hərbi təcavüzü, işğalçılıq siyasəti ilk gündən mülki əhaliyə, dinc insanlara qarşı qırğınlarla müşayiət olunması minlərlə günahsız insanın həyatına son qoyub və hazırda da bu təcavüz davam edir.

Azərbaycanın mədəniyyət ictimaiyyəti beynəlxalq ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamağa və Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpa olunmasında birgə mübarizəyə çağırır. Dünya birliyinin Ermənistanın hərəkətlərinə göz yumması, beynəlxalq birliyin baş verənlərə laqeydliyi işğalçı ordunun daha azğın davranmasına, mülki əhaliyə qarşı hücumlarını davam etdirməsinə zəmin yaradır. Azərbaycan xalqı qüdrətli ordumuz sayəsində gec-tez erməni işğalı altında olan torpaqlarımızı geri qaytaracağına inanır.

Bəyanatda bildirilir ki, Azərbaycanın mədəniyyət ictimaiyyəti münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti işğalçı Ermənistan ordusunun bu qanlı cinayətləri ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırır:

"Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğala son qoyulması ilə bağlı bundan sonra atacağı bütün addımları dəstəkləyir və Ali Baş Komandanın hər əmrinə hazır olduğumuzu bildiririk!

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti