Bakı. Trend:
İranda baş vermiş zəlzələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) açıqlama yayıb.
Qurumdan Trend-ə verilən məlumata görə, açıqlamada bildirilir:
"12 noyabr 2017-ci il tarixində yerli vaxtla saat 22:18:16-da İran-İraq ərazisində maqnitudası Mw=7.2 zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan Muxtar Respublikası ərazisində və cənub rayonlarında zəif hiss olunub. Qonşu ölkədə baş verən zəlzələdən sonra Azərbaycan KİV-i tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələ olub-olmayacağına dair çoxsaylı suallar daxil olub. AMEA nəzdində RSXM olaraq bildirmək istəyirik ki, İran-İraq sərhəddində baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan ərazisində güclü zəlzələ gözlənilmir və bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur".
Həmçinin məlumatda qeyd olunur ki, jurnalistlərdən vətəndaşlarımızın məsələyə həssas yanaşdıqlarını, insanların bu kimi xəbərləri narahatlıq və qorxu ilə qarşıladıqlarını nəzərə alaraq, bu barədə informasiya yayarkən diqqətli olmalarını, mövzuya aid suallarını zəlzələlərin tədqiqatı ilə məşğul olan və bu sahəyə məsul AMEA nəzdində RSXM-ə ünvanlamağı xahiş edirik.
Qeyd edək ki, İranla İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri İranın Sərpol Zəhab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 328 nəfər dünyasını dəyişib, təxminən 2500 insan yaralanıb.
İraqda isə son məlumata görə, 6 nəfərin öldüyü, 200-dən çox nəfərin isə yaralandığı bildirilir.