...

Qurban Yetirmişli dünənki zəlzələ barədə: Dağıdıcı gücə malik deyildi (ÖZƏL)

Cəmiyyət Materials 16 Noyabr 2017 09:30 (UTC +04:00)
Dünən gecə Ağdamda baş verən zəlzələdən sonra kiçik təkanlar qeydə alınır.
Qurban Yetirmişli dünənki zəlzələ barədə: Dağıdıcı gücə malik deyildi (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva – Trend:

Dünən gecə Ağdamda baş verən zəlzələdən sonra kiçik təkanlar qeydə alınır.

Bunu Trend-ə AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünən gecə Ağdamda baş verən zəlzələdən sonra enerji boşalması baş verir.

Q.Yetirmişli əlavə edib ki, həmin zəlzələ fəsadlar törədə bilən zəlzələ deyildi:

“Yerin 25 km dərinliyində olan və o gücdə olan zəlzələ dağıdıcı gücə malik deyil. Bizim Ağdamda olan seysmik stansiyamız episentrdə yerləşir. Stansiyada adi çat da əmələ gəlməyib. Normal tikililərlədə bu zəlzələ heç bir fəsadlar törədə bilməzdi. Kənd yerində zəif divar, tövlə tikirlər, onlarda çatlar əmələ gələ, lap divar tökülə də bilər. Amma normal tikililər üçün heç bir qorxu yoxdur”.

O həmçinin qeyd edib: "Zəlzələnin balını binalardakı fəsadlarla qiymətləndirirlər. Orada 5,7 balı biz Rixter şkalası ilə veririk. Əslində, o biri şkala ilə bu 5,1-dir. Həmin zona üçün ən güclü zəlzələ budur. Əgər bu zəlzələ lap səthi olsaydı - Yerin 3-6 km-liyində - onda fəsadlar törədə bilərdi".

Q.Yetrimişli əlavə edib: "Zəlzələ nə qədər dərində olsa, onun silkələnmə dairəsi böyük olur. Ancaq dağıntılar törətmək ehtimalı azdır".

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti