...

Azərbaycan narının ixrac marşrutu - ABŞ, Kanada və daha haralar olacaq?

Cəmiyyət Materials 27 Dekabr 2017 22:10 (UTC +04:00)
Azərbaycanda yetişən nar və istehsal olunan nar məhsulları daha çox MDB və Şərqi Avropa ölkələrinə göndərilir.
Azərbaycan narının ixrac marşrutu - ABŞ, Kanada və daha haralar olacaq?

Bakı. Samir Əli – Trend:

Azərbaycanda yetişən nar və istehsal olunan nar məhsulları daha çox MDB və Şərqi Avropa ölkələrinə göndərilir.

Bu barədə Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildiriblər.

Assosiasiyadan verilən məlumata görə, hazırda Azərbaycan narına daha çox tələbat var: "Nar və nar məhsullarının xarici bazarlara ixracında son illərdə artım var. Bu yaxınlarda Ərəb ölkələrində ixrac missiyası keçirildi və bir sıra müqavilələr bağlanıldı. Nar məhsulları ilin bütün aylarında ixrac olunur. Nar ixracı isə oktyabr ayından fevralın sonu - martın əvvəlinə kimi davam edir. Narın ixracı AZPROMO-nun dəstəyi ilə həyata keçirilir".

Assosiasiyadan daha sonra bildirilib ki, hazırda qurum Avropa bazarlarına çıxa bilmək üçün yeni sertifikatlar almağa səy göstərir: "Bu bazarlara sertifikat almaq bir qədər çətindir. Bu sertifikatları alaraq, Avropa, ABŞ və Kanada bazarlarına məhsullarımızı ixrac etməyi planlaşdırırıq".

Assosiasiyadan onu da bildiriblər ki, Azərbaycanda narın qabığından da istifadə edilir: "Üzvlərimizdən biri olan şirkət gələn il istehsalat sahəsi tikəcək və orada nar qabığından məhsullar hazırlanacaq. Nar qabığı farmokologiya və kosmetologiya sahələrində istifadə olunur. Təkçə nar qabığı yox, həm də narın dənəsinin yağından istifadə olunur. İstehsal zamanı meyvənin heç bir hissəsi itkiyə getmir".

"Az-Qranata" şirkətinin İxracat Departamentinin direktoru Boyukaga Mustafayev isə qeyd edib ki, qurumun öz nar sahəsi olmasına baxmayaraq, sahibkarlardan da məhsul qəbul edilir: "Ağsu rayonunda 400 hektar nar bağımız var. Bununla yanaşı, əhalidən, fermerlərdən də nar alırıq. Əsasən, Ucar və Kürdəmir rayonlarından nar alınır".

B.Mustafayev əlavə edib ki, dünyada narın müxtəlif sortları var: "Azərbaycanda daha çox tanınmış gülövşə və kral sortlarıdır. Azərbaycanda elə nar sortları var ki, digər ölkələrdə və bölgələrdə yetişən narlardan daha zəngin hesab olunur. Daha ciddi antioksidantlıdır. Tərkibində olan vitaminlərin və sululuğun miqdarı daha çoxdur. Baxmayaraq ki, dadı bir az turşdur, Azərbaycan narından sağlamlıq üçün istifadə olunması daha çox tövsiyə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti