...

Türkiyədə ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Cəmiyyət Materials 14 Aprel 2018 13:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

ADU-dan Trend-ə verilən məlumata görə, Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. İlk bölmə iclası Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, növbəti bölmə iclası Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilib.

Aprelin 13-də isə Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” mövzusunda konfransın daha bir bölmə iclası keçirilib.

İclas öz işinə Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş fotosərginin açılışı ilə başlayıb.

Açılış mərasimində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Atatürk Universitetin rektoru, professor Ömer Çomaklı, Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen, Naxçıvan Universitetinin rektoru, professor Saleh Məhərrəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini Seymur Şeydayev, fakültə rəisi, professor Cəlal Qasımov, AMEA Folklor İnstitunun direktoru, ADU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli, Ərzurum valisi Seyfəddin Əzizoğlu və digər qonaqlar iştirak edib.

Rektor Ömer Çomaklı konfransın bölmə iclasının Atatürk Universitetində keçirilməsindən qürurlandığını, buna görə də ADU-nun rektoru akademik Kamal Abdullaya dərin təşəkkürünü bildirib və təhsil sahəsində Türk dövlətləri universitetlərinin əlaqələrinin inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb. Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsində dərin rol oynadığından bəhs edən rektor, ikitərəfli münasibətlərin müasir dövrdə də uğurla davam etdiyini qeyd edib.

Daha sonra Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın “Heydər Əliyev və türk dünyası” mövzusunda keçirilən bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Atatürk Universitetində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransın keçirilməsi rəmzi xarakter daşıyır: “Bir tərəfdə Mustafa Kamal Atatürk və Türkiyə, digər tərəfdən Heydər Əliyev və Azərbaycan. Ümummilli Liderin apardığı siyasət Türkiyə-Azərbaycan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasında mühüm rol oynayıb”.

Simpoziumun mahiyyətindən danışan ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın 11 ölkənin 13 universitetində təşkil olunduğunu qeyd edib və tədbir iştirakçılarına konfransın mahiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycanda mövcud multikulturalizm və tolerantlıq ideologiyasının ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətinin dövründə dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” ifadəsini xatırladan dosent Kazımbəyli Naxçıvan məsələsində Türkiyənin əhəmiyyətli rolundan bəhs edib və Atatürkün “Orası türk qapısıdır” ifadəsini önə çəkib.

Naxçıvan universitetinin rektoru, professor Saleh Məhərrəmov Heydər Əliyevin türk dünyasında dahi şəxsiyyətlərdən biri olduğunu qeyd edib. Rektor bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunanda Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddə məhz Heydər Əliyevin səyi nəticəsində konstitusiyaya salınıb: “Bu, Heydər Əliyevin öz xalqına böyük hörməti və qayğısından xəbər verir. Sovet dövründə Azərbaycan xalqına məxsus bayramlar, adət-ənənələr unudulurdu. Ulu öndər bu bayramların və adət-ənənələrin yaşadılmasına xüsusi şərait yaradıb. Ümummilli Lider Azərbaycanın müstəqil dövlət kimi dünyaya tanıdılması istiqamətində və dövlətlərarası münasibətlərin qurulmasında ciddi fəalliyyət göstərib”.

Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının çox görkəmli şəxsiyyətlərindən biridir. Ümummilli Liderin dövlətlər və xalqlar arasındakı əlaqələrin qurulmasında usta olduğunu qeyd edən Mehmet Sekmen, Prezident İlham Əliyevin də bu yolu uğurla davam etdirdiyini bildirib: “Bu cür konfransın Ərzurum şəhərində keçirilməsindən qürur duyuruq. İki ölkə arasında dostluğun davam etməsini arzulayırıq”. Bələdiyyə sədri Ərzurum şəhərində Heydər Əliyevin adına park salındığını da vurğulayıb.

Ərzurum valisi Seyfəddin Əzizoğlu türk milləti şanlı tarixinin hər dövründə böyük liderlər yetişdirdiyini qeyd edib: “Bu liderlərdən biri də Heydər Əliyevdir. Sovetlər İttifaqının son dövrlərində Heydər Əliyev balanslaşdırılmış siyasət nümunəsi idi. Azərbaycanın müstəqilliyi ilə bərabər demokratiyanın iflasa uğradığı bir vaxtda Heydər Əliyev Azərbaycan dövlətin rəhbəri olur və o gündən etibarən ölkəmizdə demokratiyanı yenidən bərpa edir. Yaratdığı yeni dövlət quruculuğu ilə bərabər Azərbaycanın bölgədə inkişaf və tərəqqisini, sabitliyini təmin edir. Türk milləti tarixinin ən çətin günlərində belə qəhrəmanlar, belə dövlət xadimləri və siyasətçilər yetişdirir. Ümummilli Lider Türkiyə Cümhuriyyətinin qurulduğu dövrdə anadan olub. O, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi mühüm rol oynayıb.

Konfransın işində Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Gürcüstandan 52 nümayəndə iştirak edib. Konfrans öz işini 12 seksiyada davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti