...

1965-1980-cı illərdə Bakıda təhsil almış macar vətəndaşları ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 28 May 2018 17:28 (UTC +04:00)
Macar tələbələr Azərbaycan paytaxtında keçən tələbəlik illərindən, xalqımızın xeyirxahlıq və qonaqpərvərliyindən, Bakıda aldıqları yüksək təhsilin onlara ölkələrində istehsalatın ən çətin sahələrində çalışmaq üçün imkan yaratmasından bəhs edib
1965-1980-cı illərdə Bakıda təhsil almış macar vətəndaşları ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

1965-1980-ci illərdə keçmiş Sovet Azərbaycanının ali məktəblərində, ilk növbədə isə məşhur Neft və Kimya institutunda 30-dan çox macar gənci təhsil alıb, neftçi, kimyaçı, geoloq və s. ixtisaslara yiyələniblər. Macarıstana döndükdən sonra da onlar biri-biri ilə əlaqələrini itirməyiblər və bu ölkədə “Bakılı macar tələbələr” cəmiyyətini qurublar. Onlar hər il mayın sonuncu bazar günü Macarıstanın gözəl guşələrindən birində toplaşır, bir-birlərinin həyatı, uğurları ilə maraqlanır, Bakıda keçirdikləri tələbəlik illərini, müəllim və dostlarını xatırlayırlar.

Trend-in məlumatına görə, bu il mayın 26-da mənzərəli Tissa gölünün sahilində yerləşən Porosl şəhərində keçirilən ənənəvi görüşə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də dəvət edilib. Görüş zamanı Vilayət Quliyev ölkəmizdə təhsil almış macarlara müstəqillik illərində Azərbaycanın keçdiyi böyük inkişaf yolu, Bakının az qala günbəgün dəyişən mənzərəsi, hələ də öz həllini tapmayan Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti haqda geniş məlumat verib. Görüş Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində keçirildiyindən, səfir çıxışının mühüm bir hissəsini Azərbaycanın yaxın tarixi keçmişinə, Cümhuriyyətin gördüyü böyük işlərə həsr edib. Həmçinin Azərbaycan-Macarıstan münasibətlərinə, o cümlədən iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar əməkdaşlığa geniş yer ayrılıb.

Tədbirdə çıxış edən keçmiş macar tələbələr Azərbaycan paytaxtında keçən tələbəlik illərindən, xalqımızın xeyirxahlıq və qonaqpərvərliyindən, Bakıda aldıqları yüksək təhsilin onlara ölkələrində istehsalatın ən çətin sahələrində çalışmaq üçün imkan yaratmasından bəhs edib, azərbaycanlı müəllim və dostlarını minnətdarlıqla xatırlayıblar.

Keçmiş macar tələbələrə onlar üçün tanınmaz olan Bakı haqqında sənədli film göstərilib, ənənəvi şirniyyat süfrəsi açılıb. Bir neçə saat davam edən görüş zamanı səfir Vilayət Quliyev Bakıda təhsil almış macar tələbələrin ölkəmiz, Bakının müasir vəziyyəti, müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsinin meydana çıxma səbəbləri və həlli yolları və s. mövzuda çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti