...

Rumıniya səfiri Bilik Fondunun icraçı direktoru ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 10 İyul 2018 15:22 (UTC +04:00)
Rumıniya səfiri Bilik Fondunun icraçı direktoru ilə görüşüb
Rumıniya səfiri Bilik Fondunun icraçı direktoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.

O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir.

İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb. Qeyd edilib ki, fəaliyyəti müddətində 20-dən çox ölkənin səfirləri Fondun qonağı olub, əməkdaşlıq məsələləri müzakirə edilib, artıq bir sıra səfirliklərkə birgə maarifləndirici tədbirlər həyata keçirilir.

Azərbaycanla Rumıniya arasında dostluq əlaqələrinin hələ XV əsrdən başlayan tarixi köklərini xatırladan O.Səmədov mədəni və elmi müstəvidə əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub.

Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku səmimi dəvətə, qonaqpərvər münasibətə görə minnətdarlığını bildirərək, 1995-ci ilin iyulunda Ümummilli lider Heydər Əliyevin Rumıniyaya rəsmi səfər etdiyini, bu səfər çərçivəsində Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalandığını xatırladıb. Rumıniyanın Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab etdiyi diqqətə çatdırılıb.

Bilik Fondu ilə, xüsusən də əhalinin maarifləndirilməsi və elmi biliklərinin artırılması sahəsində praktiki əlaqələr qurmağa hazır olduqlarını deyən səfir alim və tədqiqatçı mübadiləsinin, hər iki ölkənin turizm imkanlarının təbliğ olunmasının, mədəniyyət yönümlü birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Səfir Fondun xatirə kitabına ürək sözlərini yazıb, qonağa xatirə hədiyyəsi təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti