Bakı. Samir Əli - Trend:
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yeni alınan daha iki qatar tərkibini xəttə buraxır.
Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hər iki qatar bu gün metronun "Dərnəgül" stansiyasından start götürərək sərnişinlərin istifadəsinə veriləcək.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon iyunun 11-də Bakıya gətirilib.
"Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Vaqonlar əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan başqa, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabaları üçün yerlər ayrılıb.
İstehsal zamanı, sifarişçi kimi, "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin "Bakı Metropoliteni"nin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.