...

İlahiyyat İnstitutunun tələbələri Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2020 13:39 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər.
İlahiyyat İnstitutunun tələbələri Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər.

Aİİ-dən Trend-ə bildirilib ki, tələbələrə Kitabxananın tarixi, fəaliyyəti və bölmələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın ən böyük Kitabxanası olmaqla yanaşı, Qafqazda və Avropada da nüfuzlu milli qurumlardan biri kimi tanınır. Burada saxlanılan nəşrlərin sayı 5 milyondan artıqdır.

Qeyd olunub ki, Milli Kitabxana biblioqrafiyaşünaslıq, kitabxanaşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

Milli Kitabxanamız 2005-ci ildə Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edilib. Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olmuş ikinci dövlət Azərbaycandır.

Daha sonra tələbələr fondda saxlanılan nüsxələrlə, şöbələrlə tanış olublar.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin zənginləşdirilməsi, elmi tədqiqat işlərinin aparılmasına marağın artırılması, kitabxanalardan fəal istifadəni təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti