...

BNA: Müəyyən saytlar ictimai nəqliyyatda sərinləndirmə sistemləri barədə spekulyasiyalara əl atırlar

Cəmiyyət Materials 10 İyun 2020 20:41 (UTC +04:00)
BNA: Müəyyən saytlar ictimai nəqliyyatda sərinləndirmə sistemləri barədə spekulyasiyalara əl atırlar

Bakı. Samir Əli - Trend:

COVİD-19 infeksiyasının yayılma riskini nəzərə alaraq ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tövsiyəsinə əsəsən, bu addımın atılmasında əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. Çünki avtobuslarda olan sərinləndirmə sistemi havanı daxildə dövr etdirir ki, bu da virusun yayılma riskini artırır.

BNA-nın məlumatında deyilir:

"Sərinləndirmə sistemlərinin işə salınmaması sərnişinlərimiz arasında müəyyən qədər narahatlıq yaradıb ki, bu səbəbdən də onlardan məsələni anlayışla qəbul etmələrini xahiş edirik.

Təəssüflər olsun ki, bəzi maraqlı dairlərin və bəzi daşıyıcıların əlində alətə çevrilən müyyən informasiya saytları bu məsələdə də spekulyasiyalara əl atırlar. Əsassız fikir və yanlış rəy yaymaqla görülən işlərə kölgə salır, sərnişinlər arasında yersiz təşviş və çaşqınlığın yaranmasına səbəb olurlar.

Son 5 ildə dövlətin diqqəti və qayğısı nəticəsində Bakı şəhəri üçün 600-dən artıq müasir, komfortlu o cümlədən sərinləndirmə sistemləri olan avtobus alınıb. Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisədə bu çox mühüm bir statistikadır. Alınan avtobusların ekoloji baxımdan təmiz "Avro 6" standartlarına cavab verməsi görülən tədbirlərin əhəmiyyətini daha da artırır. Bütün bunlar isə vətəndaşlarımıza təhlükəsiz və rahat sərnişindaşıma xidmətlərinin göstərilməsi üçündür.

Bu gün sərinləndirmə sistemlərinin işə salınmaması da elə sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi üçündür.

Məsələ ilə əlaqədar beynəlxalq təcrübə də araşdırılıb. Məlumat üçün bildirək ki, hazırda Moskva və İstanbul şəhərlərində də avtobuslarda bütün havalandırma və kondisioner sistemi söndürülüb.

Dəyərli media nümayəndələrindən və daim vətəndaş mövqeyindən çıxış edən sosial şəbəkə istifadəçilərindən məsələlərə doğru yöndən yanaşmalarını xahiş edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti