Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə (12 rayon), Cəlilabad (9 rayon), Şəki (8 rayon) və Qubada (6 rayon) yerləşən Regional Mərkəzləri ətraf rayonlardakı ucqar kəndləri də əhatə etməklə uğurla fəaliyyət göstərir.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, mərkəzlər öz fəaliyyətini əsas etibarilə, əhalinin Müvəkkilə ünvanlanan müraciətlərinin təqdim edilməsi üçün nəqliyyat və poçt xidmətlərinin ödənilmə zərurətini aradan qaldırmaqla asanlaşdırılması, şikayətlərin yerində araşdırılması, mütəmadi olaraq yerlərdə hüquqi maarifləndirmə işinin aparılması istiqamətində həyata keçirir.
Bölgələrdə vətəndaşların Ombudsmana çatımlılıq imkanlarının artırılması, ucqar yerlərə səfərlərin daha sıx təşkili, müraciətlərin yerində və effektiv araşdırılması, azadlıqdan məhrumetmə yerlərində, habelə şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə monitorinqlərin aparılması, hüquqi maarifləndirmə tədbirlərinin daha da intensivləşdirilməsi və ümumilikdə Müvəkkilin yerlərdə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Ombudsmanın tapşırığı əsasında bu gün Regional Mərkəzlərin hər biri yeni nəqliyyat vasitəsi ilə təmin edilib.