...

2040-cı ildə Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq

Cəmiyyət Materials 9 Oktyabr 2020 15:26 (UTC +04:00)
2040-cı ildə Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

2040-cı il üçün Bakı və Abşeron yarımadasında içməli suya olan gündəlik tələbatın indiki 1,25 milyon m3 səviyyəsindən 1,8 milyon m3-dək yüksəlməsi ehtimal olunur.

Trend-in məlumatına görə, bu, 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planında qeyd edilib.

Plana əsasən, su təchizatının davamlılığını və dayanıqlığını təmin etmək üçün yeni su anbarlarının və magistral su xətlərinin inşası nəzərdə tutulur. İçməli sudan səmərəli istifadə edilməsi üçün şəbəkədə mövcud olan itkilərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.

Hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır.

Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcəkdir;

Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı, texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti