Bakı. Trend:
Ticarətdən tikintiyə gəlib. Doğulub böyüdüyü, boya-başa çatdığı Salyan rayonunda balıqçılıq inkişaf etdiyindən əvvəllər bu sahədə alver edib. Elə alver məqsədilə də Bakıya üz tutub.
Həmsöhbətimiz Salyan rayonundan olan usta Elməddin Əhmədov gənc yaşlarından ailəsinin dolanışığına yardımçı olmaq üçün balıq alverinə başladığını deyir: “Ali təhsil almaq niyyətim vardı. Atam rəhmətə getdi, ailəmizə kömək etmək məcburiyyətində qaldığım üçün təhsili buraxası oldum. Bakıda “Təzə bazar”da bir müddət ticarətlə məşğul oldum. Amma əlim gətirmədi, ziyana düşdüm. O vaxtdan qaldım Bakıda. Bizim rayon uşaqları vardı, tikintidə işləyirdilər, qoşuldum onlara. Fəhləliyə başladım, amma bu işdə tez uğur qazandım. İşi yaxşı mənimsədiyim üçün bir-iki aydan sonra usta kimi başladım suvaq işi görməyə”.
2007-ci ildə ailə həyatı quraraq rayona qayıdıb. Hazırda adlı-sanlı ustalardandır. İşsizlikdən şikayəti yoxdur. Bir müddət koronavirus səbəbindən işə çıxa bilməsə də, indi sifarişlər çoxdur. Lakin indi də Elməddin ustanın keçirdiyi xırda qəza nəticəsində əlində sınıq olduğu üçün işə çıxa bilmir: “Təxminən iki aydır işə çıxa bilmirəm. Amma sağ olsun müştərilər, gözləyirlər. Görünür, işimdən razıdırlar ki, məni gözləyirlər”.
Müsahibimiz üçün briqada ilə işləmək çətin olduğuna görə tək işləyir: “10 ildir bir nəfər fəhlə ilə işləyirəm. Həm suvaq, həm də kafel-metlax işlərini görürəm. Salyanda iş o qədərdir ki, heç bir sıxıntımız olmur. Bəzi illərdə iş az olur, amma ümumilikdə işini yaxşı görən usta üçün həmişə iş var”.
Salyanda iş olmasa, Qarabağda işləməyə hazırdır. Ona görə “Salyanda iş olmasa” deyir ki, doğma rayonunda onun xidmətinə ehtiyacı olan yerlilərini naümid qoymaq istəmir.
İki övladı var, ikisi də təhsilə meyillidir: “İndiki uşaqlar oxumağa nə qədər həvəsli olsalar da, müəllim yanına qoymağa məcburuq. Mən də bunu edirəm, övladlarıma dəstək oluram ki, irəli getsinlər”.
İşini biznesə çevirmək istəsə də, təşəbbüsü uğursuz nəticələnib: “Ötən il mağaza götürmək istəyirdim, maddi baxımdan çatdıra bilmədim. Tikinti ağır zəhmət tələb edən sahədir. Yaş ötdükcə bu işlərdə işləmək çətinləşir. Bundan sonra bir 10 il də bu sahədə işləyə bilərəm, amma sonra yenə çətinlik çəkəcəm. Ona görə də nisbətən yüngül bir iş qurub gələcək dolanışığı təmin etmək istəyirəm”.
Qeyd edək ki, Elməddin usta Norm Ustalar Klubunun üzvüdür. Norm Ustalar Klubu “Norm” şirkəti tərəfindən 2016-cı ildə inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.