Bakı. Trend:
Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində profilaktik tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şöbənin Dövlət Yol Polisi bölməsinin əməkdaşları karantin rejiminin qaydalarına riayət edilməsi məqsədilə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində yoxlama keçirib.
Keçirilən yoxlamalar zamanı ictimai nəqliyyatda bəzi sürücü və sərnişinlər tərəfindən mövcud tələblərə məsuliyyətsiz yanaşıldığı ,tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyi aşkarlanıb. Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin avtomobillərdə şəffaf arakəsmələr quraşdırmadıqları müəyyən olunub.
Qaydaları pozan bir neçə şəxs barəsində intizam tənbeh tədbiri görülüb, digərlərinə isə xəbərdarlıq edilib.