...

Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2021 18:20 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Özbək dili günü”nə həsr olunmuş “Ana dilim qürurum, fəxrim” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor konfrans iştirakçılarına “Özbək dili günü” ilə əlaqədar təbrik sözlərini çatdırıb: “Qardaş Özbəkistan xalqı ilə bizim tarixi bağlılığımız həyat fəaliyyətinin bütün sahələrində özünü göstərir. Min illərdi bir coğrafiyada həm milli, həm mədəni, həm də dini ortaq cəhətlərimizlə bir-birimizə nə qədər doğma və yaxın xalqlar olduğumuzu göstərə bilmişik. Həmçinin ədəbi və mədəni əlaqələrimiz bu gün də uğurla davam etməkdədir. Özbək dili qədim türk dillərindən biridir. Biz demək olar ki, xalq olaraq bir-birimizi rahat şəkildə başa düşür, bir-birimizin fikirlərini rahatlıqla qarşı tərəfə çatdıra bilirik. Bu da çox əlamətdar bir hadisədi. Bu bir daha onu göstərir ki, biz bir kökə, bir dilə və bir dinə mənsub xalqlarıq. Özbək dili ilə bağlı Azərbaycanda bir çox tədqiqat işləri aparılır. Gələcəkdə istərdik ki, Özbək dili ilə bağlı Azərbaycan Dillər Universitetində də bir mərkəz fəaliyyətə başlasın. Həmçinin Özbəkistanda da Azərbaycan dili ilə bağlı bir mərkəz yaradılsın. Bu, bizim qarşılıqlı əlaqələrimizin bundan sonra da uğurla inkişaf etdirilməsində müstəsna əhəmiyyət kəsb etmiş olar.”

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov konfrans təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd olunub ki, Özbək dilinin inkişafına dair islahatlar daima ölkəsinin diqqətindədir: “Həmçinin dost və qardaş Azərbaycanda da Özbək dili ilə bağlı mühüm işlər görülməkdədi. Bu işlərin nəticəsində əlaqələrimiz möhkəmlənir və davamlı xarakter almağa başlayır. Beləliklə, hər iki tərəf arasında həm elmi, həm mədəni, həm də ədəbi əlaqələr yeni inkişaf xətti üzrə şaxələnməyə başlayır.”

Milli Məclisin Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin rəhbəri, Azərbaycan-Özbəkistan Parlamentlərarası Əlaqələr İşçi Qrupunun rəhbəri Eldar İbrahimov tarixi bir gün ilə bağlı öz ürək sözlərini konfrans iştirakçıları ilə bölüşüb: “Bu gün tarixi bir gündür. Azərbaycan-Özbəkistan xalqlarının qardaşlığı, dostluğu yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu da bizi sevindirir. Ortaq dil məsələsi müasir dünyada bizim qarşımızda duran əsas məsələlərdən biri hesab olunur. Çalışmaq lazımdır ki, türk xalqlarının birgə istifadə edə biləcəyi ortaq dil ilə bağlı yekdil qərara gələk. Bu həm tarixi, həm müasir dövr üçün böyük bir əhəmiyyət kəsb edir.”

Daha sonra konfrans məruzələrlə davam edib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, nəvaişünas alim Almaz Ülvi, dosent, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp, BDU-nun professoru Ramiz Əsgər, AMEA-nın alimi, Azərbaycanın Özbəkistandakı mədəniyyət mərkəzinin nümayəndəsi Kərim Məmmədzadə, Bakı Musiqi Akademiyasının professoru, əruzşünas alim Tərlan Quliyev məruzlərlə çıxış ediblər.

Tədbirdə ADU-nun tələbələri özbək dilində şeir səsləndiriblər.
Konfrans Özbəkistan Respublikasının vətəndaşı, filoloq Şahəstə Kamranlının “Özbək dili günü”nə həsr olunmuş “Şöhrətin uca olsun, Ana dilim” videosunun nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti