...

Dillər Universitetində "Çin plakat sənəti" seminarı

Cəmiyyət Materials 7 Aprel 2022 12:28 (UTC +04:00)
Dillər Universitetində "Çin plakat sənəti" seminarı

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin plakat sənəti” adlı tələbə seminarı keçirilib.

Seminarı giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin plakatının yaranmasının tarixi mərhələləri, onun üç əsas janrı: ictimai, kommersiya və dekorativ janrlarından danışıb.

R.Abbasov Azərbaycan plakat sənətinin tarixindən, tanınmış Azərbaycan rəssamlarının - Ə.Əzimzadənin, İ.Axundovun, Q.Xalıqovun, E.Şahtaxtinskayanın, H.Nəzərovun, O.Sadıqzadənin, C.Qasımovun, A.Əzizovun və K.Abdinin vətənpərvərlik mövzusunda, anım və matəm günlərində, sosial problemlər və milli bayramlara həsr olunmuş əsərlərindən danışıb.

R.Abbasov çıxışında həmçinin Azərbaycanda keçirilən “Heydər Əliyev - Müstəqil Azərbaycan”, “Azərbaycan bu gün”, “Teatr plakatı”, “AİDS-ə qarşı” “Gömrük rəssamların gözü ilə” Respublika plakat müsabiqələrini xatırladıb.

Seminarda çıxış edən ADU-nun çinşünas tələbələri siyasi, təbliğat, sosial, bayram və mədəni-əyləncə kimi janrlarda Çin plakatlarının yaradılmasının xüsusiyyətlərindən danışıblar.

Bildirilib ki, Çin plakatlarının kompozisiya naxışları - boşluq, təzad, ortalıq kimi ənənəvi bədii-fəlsəfi anlayışlarla əlaqələndirilir. Eyni zamanda rənglərin dərin simvolizmi, xalq sənətinin ornamentləri, ənənəvi mifologiyanın süjet və obrazlarından istifadə olunması ilə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti