...

Azərbaycanda vicdan azadlığının qorunması və dini ali təhsilin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir - İlahiyyat İnstitutunun rektoru (MÜSAHİBƏ)

Cəmiyyət Materials 13 Aprel 2022 09:35 (UTC +04:00)
Azərbaycanda vicdan azadlığının qorunması və dini ali təhsilin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir - İlahiyyat İnstitutunun rektoru (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanda vicdan azadlığının qorunması və dini ali təhsilin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı onun mənəvi dəyərlərimizə, dinimizə göstərdiyi ehtiramı, qayğını əyani şəkildə nümayiş etdirdi. Azərbaycan İlahiyyat İnstitutu yaradılan gündən dövlətin qayğısı ilə əhatə olunub. İnstitutumuzun əsas məqsədi xurafatdan uzaq din xadimlərini yetişdirməkdir.

Bunu Trend-ə müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov deyib.

O bildirib ki, hamımız Orta Şərqdə din və məzhəb zəminində yaşanan qanlı hadisələrin şahidiyik: "Çox təəssüf ki, bu hadisələrdə din amilindən istifadə olunur. Dinimizin mənbələrinə uyğun olmayan radikal yozumu insanları bir-birinə düşürməkdə istifadə olunur. Çox təəssüf ki, bu, bəzi Şərq ölkələrinin acı reallığıdır. Bunun da qarşısını almaq üçün mütləq elmi mənbələrə əsaslanan din təhsilinə ehtiyac var. Hər ölkənin öz spesifik xüsusiyyətlərini nəzərə alan dini təhsil lazımdır. Bəzən xarici ölkələrə gedib, orada dini təhsil alan bəzi insanlarda milli şüurun zəifliyini müşahidə edirik. Təhsil aldığı ölkənin dini maraqları onlar üçün daha önəmli olur.

Azərbaycan İlahiyyat İnstitutunda tələbələrimizin təhsil alması onların dini doğru formada anlaması, eləcə də bizim yerli spesifikamızı nəzərə almaları üçün mühüm əhəmiyyət kəsb edir. İnstitutumuzda bu kimi məsələlərə xüsusi diqqət ayrılır. Biz çalışırıq ki, islam və başqa dinləri tələbələrimizə olduğu kimi çatdıraq".

Rektor qeyd edib ki, dini ayrı-seçkiliyə Qərb ölkələrində də rast gəlinir. Amma ölkəmizdə tarixən tolerant mühitin şahidi oluruq.

"Azərbaycanda müxtəlif dinlərə, etnoslara məxsus insanlar yaşayır və aralarında dini-etnik problemlər olmayıb. Cənab Prezidentin də vurğuladığı kimi, tolerantlıq bizim həyat tərzimizdir. Bu gün də ölkəmzidə müxtəlif dinlərin nümayəndələri sərbəst yaşayır. Onlara qarşı hansısa diskriminasiyadan söhbət gedə bilməz. Əksinə, onlar hər zaman dövlətimizin qayğısı ilə əhatə olunub. Hər il dövlət tərəfindən müxtəlif dini konfessiyalara maddi yardımlar ayrılır.

Azərbaycan dövlətinin mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsini işğaldan azad olunan torpaqlarımızda inşa və bərpa edilən məscid və məbədlərimizdə görürük. Ermənilər tərəfindən dağıdılan məscidlər yenidən inşa edilir. Şuşa şəhərində məscidlər təmir olunur və yeni məscidin tikintisi nəzərdə tutulur. İşğaldan azad edilən torpaqlarımızda görülən işlərdə Heydər Əliyev Fondunun müstəsna fəaliyyətini də xüsusi vurğulamaq istəyirəm. Fond işğaldan azad edilən torpaqlarımızda məbədlərimizin bərpasına xüsusi diqqət göstərir",- deyə rektor bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti