Bakı. Trend:
Orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır.
Trend xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu gün Milli Məclisdə keçirilən dinləmələrdə deyib.
A.Kərimli bildirib ki, bu gün Azərbaycanda 7000-ə yaxın mədəniyyət müəssisəsi var və orada ciddi problemlər müşahidə edilir.
“Onların infrastrukturları demək olar ki, yoxa çıxıb. Ucqar kəndlərdə yerləşən kitabxanaların vəziyyəti olduqca acınacaqlıdır. Kitab təminatında da ciddi problemlər var. Həmin müəssisələrdə çalışan kadr potensialı bərbad durumdadır. Hətta orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır. Prosesə kompleks yanaşmaq lazımdır. Bu məsələ ilə əlaqəli ciddi araşdırma və təhlil aparılır ki, səhv etməyək. Həmin müəssisələrin faydalılığı da yoxlanılmalıdır”, - deyə o əlavə edib.