...

Qəzalı vəziyyətdə olan abidələrin bərpası məsələləri müzakirə edildi

Cəmiyyət Materials 7 Avqust 2023 13:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Komitədən Trend-ə bildirilib ki, iclasın əvvəlində komitənin son dövrdə fəaliyyəti, xüsusi olaraq tikintiyə icazə zamanı binaların fasad həllərinin standartlaşdırılması istiqamətində görülən mühüm işlər və yeniliklər barədə ətraflı məlumat verilib.

Şura üzvləri tərəfindən görülən tədbirlər yekdilliklə təqdirəlayiq hesab edilib.

Bununla yanaşı, iclasda Bakı şəhərində ictimai məkanların yaradılması və onların düzgün layihələndirilməsi məsələləri müzakirəyə çıxarılıb. Son zamanlar bu məsələnin şəhər sakinlərini ciddi narahat etdiyi nəzərə alaraq, bu istiqamətdə mövcud problemlərin həlli yolları müzakirə edilib. Şura üzvləri bu sahəni tənzimləyən normativ bazanın təkmilləşdirilməsi, habelə müvafiq maarifləndirmə işlərinin aparılması və bu mövzunun geniş təbliğinin əhəmiyyətini qeyd edərək öz tövsiyələrini veriblər.

Şuranın iclasına, həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi və Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri dəvət olunublar. Onların iştirakı ilə Bakı şəhərində abidə statusuna malik binaların mühafizəsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq təkliflər verilib.

Sonda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iclas iştirakçıları ilə görüşərək öz fikirlərini bölüşüb, önəmli məsələlərin məhz komitə yanında yaradılmış İctimai Şura çərçivəsində müzakirə edilməsindən məmnun olduğunu söyləyib. O, eyni zamanda, şəhərsalma və memarlıq sahələrində yeni mütəxəssislərin yetişdirilməsi prosesinə komitənin göstərdiyi dəstək barədə məlumat verib, yüksəkixtisaslı kadrlar bazasının formalaşdırılması mexanizminin yaradılmasının vacibliyini xüsusi qeyd edib.

Qeyd olunub ki, Şura Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2021-ci 5 iyul tarixli əmrinə əsasən yaradılıb və tərkibi həmin ilin sentyabr ayında keçirilən seçkilər nəticəsində formalaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti