...

Bakının "Sovetski" məhəlləsi kimi tanınan ərazinin söküntüsünə 2013-cü ildən başlanılıb.

Cəmiyyət Materials 7 Avqust 2025 22:01 (UTC +04:00)
Bakının "Sovetski" məhəlləsi kimi tanınan ərazinin söküntüsünə 2013-cü ildən başlanılıb.
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Ərazidə uzunmüddətli söküntü işləri başa çatdıqdan sonra, 2016-cı ilin avqust ayından etibarən genişmiqyaslı yenidənqurma layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində yeni yolların çəkilməsi, mövcud küçələrin genişləndirilməsi və təmir işləri aparılıb. Eyni zamanda, məhəllənin yaşıllaşdırılması üçün geniş abadlıq işləri görülərək, parklar və yaşıllıq zonaları salınıb.

Trend xəbər verir ki, həmin layihələrdən ən əsası "Sovetski"nin yerində salınan böyük parklardan biri də məhz Mərkəzi Parkdır. Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da, üçüncü hissəsinin açılışı isə ötən il noyabrın 7-də olub.

Parkın birinci hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarətdir. Bu keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzə Ağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa edilib. Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarında yaşıllıq salınıb. Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.

Parkın ərazisində ümumilikdə 9 fəvvarə mövcuddur. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq gül və kol bitkiləri əkilib. Parkda yaşıllıqları suvarmaq üçün 6.5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xəttlər də çəkilmişdir.

Parkın ərazisində Mirzə Ağa Əliyev küçəsi və Təzəpir məscidi arasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilib.

Bəs, şəhər sakinləri parkın genişləndirilməsi barədə nə düşünür?

Şəhər sakini Güllü bildirib ki, gənclər park sahələrinin genişləndirilməsindən çox məmnundurlar:
"Biz parklarda həm asudə vaxtlarımızı keçirir, həm yürüyüşlər edir, həm də yaşıdlarımızla görüşərək dərslərimizlə bağlı fikir mübadiləsi apara bilirik. Yaşıl park sahələrinin artması beton şəhərin mərkəzində bizə yeni nəfəs verir. Düşünürəm ki, şəhərin görüntüsünü pozan, köhnə və təhlükəli tikililər yerinə belə gözəl parkların salınması daha gözəldir"

Bəhriyə adlı sakin isə qeyd edib ki, boş vaxtı olanda dostlarımla gəzməyi sevir:
"Yeni salınan parklar bizim üçün ideal məkanlardır. Orada otururuq, söhbət edirik, şəkillər çəkirik. Parklar təkcə istirahət üçün yox, həm də sosiallaşmaq üçün yaxşı fürsətdir. Əvvəl şəhərdə belə yaşıl yerlər az idi, ya da çox uzaqda olurdu. İndi hər yerə yaxın parklar var. Həm də parkların dizaynı çox müasirdir. İşıqlandırmalar yaxşıdır, dekorativ ağaclar, fəvvarələr var. Bunlar da çox xoş atmosfer yaradırlar".

Zərnişan xanım isə deyir ki, şəhərin içində yaşamaq bəzən insanı yorur:
"Səs-küy, tıxac, iş stressi insanı təngə gətirir. Parkların artması mənim kimi işləyən insanlar üçün yaxşı fürsətdir. İşdən sonra evə gedərkən yaxınlıqdakı parkda 20-30 dəqiqə oturub dincəlirəm. Təmiz hava alıram, beynimi dincəldirəm. Əvvəllər belə yerlər çox az idi. İndi isə demək olar ki, hər bir yerdə yeni parklar var. Şəhərin görünüşü də dəyişib, daha səliqəli görsənir".

Digər bir gənc şəhər sakini Osman isə qeyd edib ki, parkların genisləndirilməsi olduqca əhəmiyyətlidir:

"Hər yaş insana xitab edir. Məsələn: yaşlılar burada dincələ, uşaqlı valideynlər uşaqlarını buraya gətirib, dostları ilə oynamasına, gənclər isə dərs və işlərindən sonra yorğunluqlarını burada dincələrək keçirə bilər".

Şəhər sakini Hüseyn bildirib ki, hər səhər qaçış edir:
"Əvvəllər bu işi yol kənarlarında və ya stadionlarda edirdim. Amma indi yaşadığım yerin yaxınlığında geniş bir park var. Həm də qaçış üçün xüsusi yollar salınıb. Bu, mənim üçün çox rahatdır. Həm daha təhlükəsizdir, həm də təbiət içində olmaq insana enerji verir. Parkların genişlənməsi təkcə istirahət üçün deyil, sağlam həyat tərzi üçün də böyük üstünlükdür. Düşünürəm ki, bu cür layihələr çox vacibdir və davamlı olmalıdır".

Xəbər lenti

Xəbər lenti