Bakı. Trend:
Vaşinqton razılaşmaları, əldə olunan tarixi nəticələr müasir tariximizin mühüm siyasi hadisələrindən biri kimi nəzərdən keçirilir.
Trend xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il keçir" adlı məqaləsində qeyd edib.
O bildirib ki, bu razılaşmalar dövlətçiliyimizin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli diplomatiyasının və müdrik liderliyinin ən bariz göstəricisidir.
"Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Vaşinqtonda əldə edilən razılaşmalar Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan mühüm tarixi nailiyyətlərdən biridir və onun məhz “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi dərin rəmzi xarakter daşıyır.
Bu gün dövlətimiz bir çox sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Azərbaycanın dövlət suverenliyi tam, ərazisi bütöv, sərhədləri isə toxunulmazdır. Hazırda qarşıda duran ən önəmli məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsidir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bütövlükdə regionun iqtisadi və sosial inkişafında yeni mərhələnin əsasını qoyub. Bu ərazilər bütün əsas infrastruktur, yollar, elektrik, su, rabitə və digər zəruri xidmətlərlə təmin edilir. Qarabağın zəngin təbiəti, əlverişli iqlimi, kənd təsərrüfatı üçün geniş imkanları, turizm və sənaye sahələrində böyük potensialı bu əraziləri investisiya baxımından cəlbedici məkana çevirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi sayəsində Qarabağ və Şərqi Zəngəzurda qabaqcıl texnologiyalara əsaslanan yeni inkişaf modeli reallaşdırılır. Bu prosesin ayrılmaz hissəsi kimi, yüzlərlə kilometr avtomobil və dəmir yolları salınır, yeni tunellər, körpülər inşa olunur, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, beynəlxalq hava limanları inşa olunaraq istifadəyə verilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur eyni zamanda “yaşıl enerji zonası” elan edilərək, burada günəş, külək və hidroenerji layihələri sürətlə icra olunur",- deyə qeyd edilib.