Bakı.Trend:
23 dekabr tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Cənubi Qafqazın yeni sülh arxitekturası, regional diplomatiya və media savadlılığı” mövzusunda təlim keçirilib.
Trend xəbər
verir ki, 2025-ci il həm Azərbaycan, həm də Cənubi Qafqaz regionu
üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, “Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”
layihəsinin paraflanması, həmçinin ATƏT-in Minsk Prosesi və
əlaqədar strukturların bağlanması ölkəmizin təşəbbüsü ilə başlanan
sülh prosesinin məntiqli və uğurlu nəticəsi kimi
qiymətləndirilir.
Eyni zamanda, Azərbaycanın ardıcıl və prinsipial diplomatiyası
nəticəsində, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı
mərhələdə ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər
artıq yaranmış yeni geosiyasi reallıqları qəbul edir, bu
reallıqlarla hesablaşır və Azərbaycanla münasibətlərdə yeni səhifə
açmaq niyyətindədir.
XİN və BMTM-nin birgə təşkil etdiyi təlimin əsas məqsədi bu
proseslər və onların beynəlxalq siyasi əhəmiyyəti barədə media
nümayəndələrinin peşəkar və analitik hazırlıq səviyyəsinin
artırılmasına töhfə verməkdir.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqində
bildirdi ki, artıq üçüncü ildir ki, xarici siyasət sahəsində media
təlimlərinin təşkili bu istiqamət üzrə ixtisaslaşan jurnalistlərin
məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, media nümayəndələrinin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi milli maraqlarımızın beynəlxalq müstəvidə düzgün və
obyektiv şəkildə işıqlandırılması üçün vacibdir.
Birinci hissədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan
Hacızadə “8 Avqust: Vaşinqtonda Azərbaycan-Ermənistan sülh
müqaviləsinin paraflanması və Cənubi Qafqazda sülhün təmini
istiqamətində növbəti addımlar”, BMTM-in İdarə Heyətinin üzvü Cavid
Vəliyev “Azərbaycan-Türk Dövlətləri Təşkilatı (TDT) münasibətləri:
Ermənistanla davam edən sülh prosesi çərçivəsində”, XİN-in Təhlil
və Strateji Araşdırmalar İdarəsinin rəisi Şahin Şahyarov “Cənubi
Qafqazda formalaşmış yeni geosiyasi vəziyyətdə Azərbaycan
Respublikasının rolu və qonşu dövlətlər ilə münasibətləri”
mövzularında təlim keçiblər.
İkinci hissədə BMTM-in şöbə müdiri Vasif Hüseynov “Vaşinqton
görüşündən sonra Azərbaycan-ABŞ və Azərbaycan-Fransa
münasibətlərində yeni mərhələ, Aİ-nin Cənubi Qafqazdakı rolunun
yenidən qiymətləndirilməsi”, BMTM-in aparıcı məsləhətçisi Sultan
Zahidov “Azərbaycanın xarici siyasətində Asiya istiqaməti: C6, AQEM
və digər formatlar çərçivəsində əməkdaşlıq perspektivləri”
mövzularında təlim iştirakçılarını məlumatlandırıblar.
Daha sonra, təlim iştirakçılarının çoxsaylı sualları
cavablandırılıb.
Təlimdə 19 media təmsilçisi iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
