Bakı. Trend:
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirib.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub.
Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının
saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları
antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan
xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi
masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar
aşkarlanıb.
Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından
götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji
uyğunsuzluq və at DNT-si müəyyən edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb.
