...

Benelüks Azərbaycanlıları Konqresi erməni rejissorun Qarabağ haqqında filminin mükafat almasına mane olub

Cəmiyyət Materials 8 Dekabr 2006 18:12 (UTC +04:00)

Hollandiyanın Amsterdam şəhərində IDFA-nın təşkil etdiyi ənənəvi beynəlxalq sənədli film festivalında erməni rejissoru Iardan Hovanesyanın Qarabağ haqqında çəkdiyi və faktların ciddi şəkildə təhrif edildiyi "A story of reorle war and reace" adlı sənədli filmi Benilüks Azərbaycanlıları Konqresinin səyi nəticəsində mükafata layiq görülmüş filmlər siyahısından çıxarılıb. Bu barədə Trend Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat alıb.

Benelüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımlı Komitəyə məlumat verib ki, erməni filmi artıq festivalda mükafata layiq görülməsi nəzərdə tutulmuş 3 filmdən biri kimi nominasiyada yer alırdı. BAK baş verənlərə operativ reaksiya verərək Festival Komitəsinə etirazını bildirib, elektron məktub, fakslar ünvanlanıb, telefon zəngləri edilib. Konqres üzvlərinin müraciətində adı çəkilən filmin Dağlıq Qarabağ haqqında həqiqətləri özündə əks etdirmədiyi, münaqişənin mahiyyətini təhrif etdiyi vurğulanıb. Bununla yanaşı BAK tərəfindən Festival Komitəsinə etirazını bildirmək üçün qaynar xətt də təşkil olunub.

Sahil Qasımlının rəhbərliyi ilə BAK-ın nümayəndə heyəti İDFA təşkilatçıları ilə görüşərək, filmin əslində həqiqətlərə zidd olduğunu bildirib. Əksinə, Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi haqda məlumat verilib, belə bir filmə hər hansı bir mükafat verilməsinin böyük yalnışlıq olduğu vurğulanıb. Görüşün nəticəsi olaraq film haqqında internetdə gedən "Armenian enclave in Azerbaijan" başlığı götürülüb və ən əsası, filmin İDFA-nin mükafatına layiq görülməsinin qarşısı alınıb.

S.Qasımlının verdiyi məlumata görə, filmin nominasiyadan çıxarılmasında BAK ilə yanaşı Avropada fəaliyyət göstərən digər diaspora təşkilatları və Azərbaycanın Belçikadakı Səfirliyinin də böyük rolu olub. BAK rəhbərliyinin festival təşkilatçıları ilə danışıqları nəticəsində 2007-ci ildə keçiriləcək növbəti sənədli film festivalında Azərbaycanın iki filminin nümayiş etdirilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti