...

Həbs olunmuş azərbaycanlı jurnalist dindarlardan üzr istəyib

Cəmiyyət Materials 25 Aprel 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Səbayel rayon məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə bu gün "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun və yazar Rafiq Tağının məhkəmə prosesi davam etdirilib. Prosesdə ifadə verən Sədaqətoğlu bildirib ki, Rafiq Tağının "Avropa və biz" məqaləsinin məzmunundan xəbərsiz olub. Onun sözlərinə görə, yazı dərc olunarkən rayonda olub. Baş redaktor məqalədə gedən fikirlərə görə məhkəmədə bir daha dindarlardan üzr istəyib.

Məhkəmədə iştirak edən dindarlarla təqsirləndirilənlər və onların vəkili İsaxan Aşurov arasında insident yaranıb. Zalda olan bir qrup şəxs Sədaqətoğlunu, Rafiq Tağını və onların vəkilini təhqir edib. Həmin şəxslər bildirib ki, təqsirləndirilənlər azadlığa çıxarsa, onları cəzasız qoymayacaqlar. Proses mayın 4-də şahid ifadələri ilə davam edəcək.

Samir Sədaqətoğlu və Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü (irqi, milli, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham olunurlar. "Avropa və biz" məqaləsində İslam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlərin səsləndiyi iddia edilir.

Xəbər lenti

Xəbər lenti