...

Yaponiyalı həkimlər qaçqınlara pulsuz tibbi yardım göstərəcəklər

Cəmiyyət Materials 12 İyun 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Yaponiyanın "Fuji Optical Ltd" şirkətinin rəhbəri və "Nansen mükafatı"nın qalibi, optika mütəxəsisi Akio Kanai və onu müşayiət edən beş nəfərdən ibarət mütəxəssis qrupu iyunun 12-dən 21-dək oftolmoloji xidmətlər göstərmək məqsədi ilə növbəti dəfə Azərbaycanda səfərdə olacaq. Bu barədə çərşənbə axşamı Bakıda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Yaponiyalı həkimlər səfər çərçivəsində Beyləqan rayonunda yerləşən Yeni Xocavənd qəsəbəsində, Biləsuvar rayonunda və Sumqayıt şəhərində təxminən 4000 məcburi köçkünə göz müayinəsi xidməti göstərəcək və eynəklər paylayacaqlar.

Kanai və onun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də həmçinin Beyləqanın Yeni Xocavənd və Tuğ qəsəbələrində Norveç Qaçqınlar Şurası və şəxsən Kanainin özünün dəstəyi ilə həyata keçirilən su təhcizatı layihəsinin açılış mərasimində iştirak edəcək.

Tikintisi 2006-cı ilin oktyabrından 2007-ci ilin yanvarınadək davam edən və əsasən arteziyan su quyusunun qazılması və su təchizatı sisteminin bərpasından ibarət olan sözügedən layihə Xocavənd rayonundan olan təxminən 2000 insanı içməli su ilə təmin edəcək.

Tədbirdə dövlət rəsmiləri, BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığı, Norveç Qaçqınlar Şurası və səfirliklərin nümayəndələri iştirak edəcəklər.

Kanai BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona təqdim olunan "Nansen mükafatı"nın bir hissəsini qeyd olunan layihənin həyata keçirilməsi üçün ayırıb.

Xəbər lenti

Xəbər lenti