...

"Spider" studiyasının rəhbəri Andrey Babiç: "Moskvada Azərbaycan rəqslərini təbliğ edəcəyik"

Cəmiyyət Materials 24 İyul 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /müx.TrendLife Kəmalə Əmiraslanova/Xoreoqraf Andrey Babiçin rəhbərliyi ilə "Spider" şou-balet qrupu paytaxtda çoxdan tanınır. 2000-ci ildə Andrey Babiç yeni rəqs qrupu yaratdı, həmin il də Zabitlər evində şou-balet rəqs qrupunun studiyasını açdı. Birinci mərhələdə qrup 8 nəfərdən ibarət idi. Tünzalə Ağayevanın prodüsseri Yalçın Cabbarovun sayəsində "Spider" bir çox tədbirlərdə iştirak etməyə başladı. Bu qrupa ilk fikir verən Manana Çaparidze oldu. Qrup onunla çıxış etməyə başladı. Müğənninin köməkliyi ilə qrupa maraq artdı.

- Qrupunuzun tərkibi necə yığılır?

- Şəhərdə bir çoxları bilir ki, Zabitlər evində rəqs studiyası fəaliyyət göstərir. Uşaqlar elanlarala gəlirlər və yazılırlar. Mən hesab edirəm ki, elə bir insan yoxdur ki, rəqsi sevməsin. Məhz buna görə də qısa müddətədə yaxşı hərəkətlər edib, oynamağa başlayırlar. Hazırlıq mərhələsini keçdikdən sonra rəqqas başqa qrupa keçir, sonra isə konsert tərkibində iştirak edir.

- Sizi Samir Bağırov və Rəqsanə ilə konsert proqramında görmüşəm...

- Biz bir çox ulduzlarla iştirak etmişik. Bu sırada Zülfiyyə Xanbabayevanın, Tünzalə Ağayevanın, Faiq Ağayevin, Manananın, Almaz Ələsgərovanın, "Dəyirman" qrupunun, Elşad Xosenin, Rəhim Rəhimlinin adını çəkə bilərik. Biz həmçinin Rafet El Romanın iki konsertində iştirak etmişik. İndi isə İzzət Bağırovun klipində çəkilməyə hazırlaşırıq. Klipdə 15 nəfər iştirak edəcək. Rəqs nömrəsi Şərqi Avropa üslubundadır. Bu, çox çətin rəqsdir.

- Rəqslər üzərində özün işləyirsən?

- 99 faiz rəqslərin quruluşunu özüm verirəm.

- Bəs bir faiz?

- Elə rəqs quruluşları var ki, Şərq hərəkətləri tələb edir. Bunun üçün isə bizə Mədinə kömək edir. Mənə elə gəlir ki, elə hərəkətlər var ki, bunu yalnız qız başa sala bilər. Mədinənin özünün "Mədinə" rəqs qrupu vardı. Rəqqaslar əsasən "Avilla" restoranlarında işləyirdilər. Mədinə xanımda bir çox paltarlar var ki, biz də çıxışımız zamanı onlardan istifadə edirik.

- "Spider"də daha hansı xəbərlər var?

- Tezliklə Gəncədə də öz studiyamızı açacağıq. Filarmoniyanın direktoru Şahnaz Haşımova bizi ora dəvət edib. Studiyanın açılışı çox çətin prosesdir. Nə yaxşı ki, tale bizə Şahnaz xanımı qismət etdi. Onu da deyim ki, Gəncədə bir çox breyk-danse dərnəkləri fəaliyyət göstərir. Gənclər rəqs etmək istəyir, lakin elə bir insan yoxdur ki, onlarla məşğul olsun. Şahnaz xanımın bacısı qızı Aynişan mənim tələbəmdir. Biz Şahnaz xanımın 50 illiyində iştirak etdik. Gəncədə filarmoniyanın zalı, demək olar ki, normal vəziyyətdədir. Sentyabr ayında orda dərs deməyə gedəcəyik. İlk vaxtlar təmənnasız işləyəcəyik. Sonra isə pullu məktəb açacağıq. Müəllimlər mənim tələbələrim olacaq. Hələ ki, kimin gedəcəyini seçməmişəm.

- Eşitmişəm ki, birinci kanalın rejissoru Fuad Şabanovla görüşmüsünüz...

- Biz Fuad Şabanovla Dirçəliş gününə həsr olunmuş konsertdə görüşdük. Bizim Milli parkda olan çıxışımızdan sonra mənə rus ləhcəsində danışan sanballı bir insan yaxınlaşıb söylədi ki, bizim çıxışımız çox xoşuna gəlib. Və çox istərdi ki, bizim məşqlərimizə baxsın. Sözünün üstündə də durdu. Zabitlər evinə gəlib bizim məşqlərimizə baxdı və bir nesə DVD material hazırlayıb özü ilə götürdü. Fuad müəllim söylədi ki, bizim maraqlarımızı Moskvada təqdim edəcək. Bu, hələ ki, şifahi kontraktdır.

- Siz Moskvada da studiya açmağı planlaşdırırsınız?

- Hələ ki, bu haqda danışmaq çox tezdir. Əvvəl bir az işləmək lazımdır. Hələ biz lazım olan sənədləri toplayıb ora altı nəfər göndərəcəyik. Əlbəttə, Rusiya səhnəsində güclü rəqabət gedir. Lakin biz hazırıq, məqsədimiz var. Biz ölkəmizi təbliğ edəcəyik. Prodüsserimiz isə Fuad Şabanov olacaq. Bundan başqa, biz Bakı kollektiviyik, Moskva yox. Heç birimiz də orda qalmaq niyyətində deyilik. Biz ancaq ora çıxış etməyə gedəcəyik. Kollektivin özünün şəxsi markası olmalıdır.

- Qrup hardan maliyyələşir?

- Konsertlərdən. Bizim sponsorumuz yoxdur. Heç onlara ehtiyacımız da yoxdur. Əsas odur ki, bizi publika sevsin.

- Başqa yerdə də işləyirsən?

- Sadəcə rəqs müəllimi. Müxtəlif təkliflər olub. Lakin mən bir işlə məşğul olmağı sevirəm. Yəni dərs verməyi. Əsas odur ki, qrup bir ailə kimi dolansın. Fiziki çətinlik bizi qorxutmur.

Xəbər lenti

Xəbər lenti