...

Rusiyada yaşayan azərbaycanlı miqrantlarla bağlı hökumət-diaspor komissiyası sentyabrdan fəaliyyətini davam etdirəcək

Cəmiyyət Materials 31 İyul 2007 12:03 (UTC +04:00)
Rusiyada yaşayan azərbaycanlı miqrantlarla bağlı hökumət-diaspor komissiyası sentyabrdan fəaliyyətini davam etdirəcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyada yaşayan azərbaycanlıların miqrasiya problemlərinin həllinə yardım məqsədilə hökumətlə Azərbaycan diaspor təşkilatlarının birgə komissiyası sentyabrdan fəaliyyətini bərpa edəcək. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

Qeyd edək ki, Rusiyada miqrantların hüquqi statusuna dair ilin əvvəlində yeni qanunun qəbulundan sonra bu ölkədə yaşayan azərbaycanlı miqrantlara yardım üçün Rusiyanın rəsmi qurumu ilə iki diaspor təşkilatının birgə komissiyası yaradılıb. Bu çərçivədə Moskva şəhər meriyasının regionlararası Məşvərət Şurası, Ümumrusiya Azərbaycanlıları Konqresi və "Azərros" Cəmiyyəti arasında üçtərfli saziş imzalanıb.

İlqar Hacıyev bildirib ki, üçtərəfli saziş əsasında hazırlanan proqrama Rusiyada azərbaycanlı miqrantların işlə təmin olunması, yeni gələnlər, müvəqqəti məskunlaşanlar üçün yataqxanaların tikilməsi, təmiri, müxtəlif şirkətlərlə, iş adamları ilə soydaşlarımızın görüşlərinin təşkil edilməsi kimi işlər daxildir. Hacıyev qeyd edib ki, komissiya ayda bir dəfə toplanaraq azərbaycanlıların vəziyyətinə dair mövcud vəziyyəti müzakirə etməyi qərara alıb. Onun sözlərinə görə, hökumət-diaspora komissiyası buraxılmayıb, sadəcə, hazırda yay mövsümü ilə əlaqədar tətil dövrü olduğu üçün bu məsələ sentyabrda yenidən gündəmə gələcək. Sentyabrda toplantı keçiriləcək, saziş proqramının icrası müzakirə ediləcək.

Hacıyev onu da deyib ki, ÜAK sentyabrda Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə, orta məktəb şagirdləri ilə görüşlərə başlayacaq: "Biz Rusiyanın ali məktəblərində sonuncu kurslarda oxuyan, həmçinin məktəbləri bitirən azərbaycanlı tələbələrin işlə təmin olunmasına yardım üçün onların mütxəlif sahələrin mütəxəssisləri ilə görüşlərini təşkil edəcəyik. Ümumrusiya Azərbaycanlıları Konqresində də Rusiyanın ali məktəblərinə qəbul imtahanı aparıldı və 40-dan çox azərbaycanlı gənc müxtəlif ali məktəblərə qəbul olundu. Rusiyanın orta və ali məktəblərində çoxsaylı azərbaycanlı təhsil alır, biz yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcəyik"-deyə Hacıyev bildirib.

O həmçinin deyib ki, miqrasiya ilə bağlı yeni qanundan sonra bu ölkəni çox az sayda azərbaycanlı tərk etmişdi. Amma indi onlar yenidən Rusiyaya, öz iş yerlərinə qayıdırlar.

Xəbər lenti

Xəbər lenti