...

Azərbaycan taekvondoçuları ilin ilk yarış gününü 10 medalla başa vurublar

İdman Materials 26 Fevral 2013 15:39 (UTC +04:00)
Azərbaycanın böyüklərdən ibarət milli komandası 2013-cü ilin ilk yarışında 10 medal qazanıblar.
Azərbaycan taekvondoçuları ilin ilk yarış gününü 10 medalla başa vurublar

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycanın böyüklərdən ibarət milli komandası 2013-cü ilin ilk yarışında 10 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərində V "Alexandria Open" beynəlxalq turnirinin birinci günü 6 çəki dərəcəsində mübarizəyə qatılan taekvondoçularımız 4 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olublar.

İdmançılarımızdan Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əzizov finalda London olimpiadasının iştirakçısı ermənistanlı rəqibini məğlub edib.

Gümüş medallar Hüseyn Mehrəliyevə (68 kq), Surə Fərəcliyə (49 kq) və Günay Ağakişiyevaya (57 kq) nəsib olub. 68 kq çəki dərəcəsinin finalçıları Azərbaycan idmançıları olublar. Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər.

Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu ənənəvi yarışın mükafatçıları beynəlxalq reytinq xallarını da artırıblar.

Bu gün 54, 63, 74, 87 kq çəki dərəcələrində kişilərin yarışı, 46, 53 və 62 kq çəkilərdə isə qadın idmançılarımızın çıxışları olacaq. 31 taekvondoçudan ibarət komandamız müxtəlif çəkilərdə bir neçə idmançı ilə mübarizə aparır.

Taekvondoçularımız Bakıya fevralın 28-də qayıdacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti