Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qəbələ" Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, Azərbaycan Premyer Liqasının IV turunda "İnter"ə qarşı keçirəcəyi oyunun vaxtının dəyişdirilməsini istəyib.
Trend PFL-in saytına istinadən məlumat verir ki, "Qəbələ"nin avrokubok oyununa daha yaxşı hazırlaşmasına şərait yaradan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 13-də deyil, sentyabrın 12-də keçirilməsinə qərar verib.
Qeyd edək ki, Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir.