Bakı. Ənvər Məmmədov - Trend:
Rusiyalı gimnast Qriqori Noskov Bakıda davam edən Avropa çempionatında tamblinq yarışlarındakı çıxışından razı qalmayıb.
Trend-in suallarını cavablandırnan gimnast deyib ki, daha yaxşı çıxış edə bilərdi:
“Öz çıxışımdan çox razı deyiləm. Tapşırığı tam gücümlə yerinə yetirə bilmədim. Gələcəkdə daha yaxşı çıxış etmək lazımdır”.
Gimnast Avropa çempionatında yüksək rəqabəti qeyd edib və öz rəqiblərindən danışıb:
“Əlbəttə, ilk növbədə rəqiblərim komanda yoldaşlarımdır. Bundan başqa, britaniyalı Kristoff Villertonu qeyd etmək olar. O, ilk üçlüyə real namizəd hesab olunur. Sizin gimnast Mixail Malkin də ciddi rəqibdir”.
Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb.
Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.
Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir.
Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.
Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.
Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.
Çempionat aprelin 15-ə kimi davam edəcək.