Bakı. Cani Babayeva - Trend:
Yarışları məmnuniyyətlə izləyirik və böyük zövq alırıq. Bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Səbinə Həsənova bildirib.
S.Həsənova hesab edir ki, Azərbaycanda idman inkişaf edir: "Əlbəttə, xoşdur ki, ölkədə gimnastika belə yaxşı səviyyədədir".
Tamaşaçı qeyd edib ki, yarışlar çox yaxşı təşkil olunub: "Uşaqların bu idman növünü sevməsini görmək xoşdur. Bilirəm ki, Azərbaycanda çox güclü məşqçilər var".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.
Bu gün 2008-2010-cu il təvəllüdlü gimnastların alətsiz və topla qrup yarışları, 2006-2007-ci il təvəllüdlü gimnastların lentlə qrup yarışları və 2003-2005-ci il təvəllüdlü gimnastların halqa, top, gürzlər və lentlə hərəkətlərdə final çıxışları baş tutub.
Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edib.
Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunub.