...

EYOF Bakı 2019-da atletika yarışlarının dördüncü günündə 11 növdə qaliblər müəyyənləşib

İdman Materials 26 İyul 2019 00:39 (UTC +04:00)
İyulun 25-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının dördüncü gününün axşam sessiyasında 11 növdə final yarışları keçirilib
EYOF Bakı 2019-da atletika yarışlarının dördüncü günündə 11 növdə qaliblər müəyyənləşib

Bakı. Trend:

İyulun 25-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının dördüncü gününün axşam sessiyasında 11 növdə final yarışları keçirilib.

Trend-in məlumatına görə, oğlanlar arasında 200 metr məsafəyə qaçış yarışında İtaliya təmsilçisi Federiko Cuqlielmi çempion adını qazanıb. Danimarkalı Tarzana Kamanqa-Dirbak ikinci, polşalı Oliver Vdovik üçüncü yerdə qərarlaşıblar.

Qızların 200 metr məsafəyə qaçışında irlandiyalı Raşidat Adeleke fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Macarıstanlı Mira Koszegi gümüş, fransalı Serena Kousi isə bürünc medala sahib olub.

Atletika üzrə qızlar arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışında ispaniyalı Salma Seleste Paralluelo 55,95 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 59,05 saniyə nəticə ilə norveçli Andrea Rut sahib olub. İlk üçlüyü fransalı Madelin Abeqa (59,28) tamamlayıb.

Oğlanlar arasında 400 metr məsafəyə qaçış yarışında qızıl medalı isveçli Emil Yohansson sahib olub. Gümüş medala polşalı Patrik Qrzeqorzeviç, bürünc medala isə macarıstanlı Attila Molnar layiq görülüblər.

Atletika yarışlarında qızlar arasında 2000 metr məsafəyə maneələrlə qaçış yarışında birinci pilləyə almaniyalı Blanka Doerfel yüksəlib. İkinci pillədə macarıstanlı Qreta Varqa, üçüncü pillədə isə norveçli Siqrid Alvik qərarlaşıblar.

Atletika üzrə oğlanlar arasında çəkicatma yarışında bolqarıstanlı Valentin Andreev 82,72 metr nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 81,06 metr nəticə ilə almaniyalı Merlin Hummel layiq görülüb. Bürünc medalın sahibi isə fransalı Jan-Baptiste Brukselle (78,44 m) olub.

Qızlar arasında çoxnövçülük yarışında Finlandiya təmsilçisi Saqa Vanninen çempionluğunu rəsmiləşdirib. Norveçli Henriette Yaeger gümüş, yunanıstanlı Anastasiya Draqomirova isə bürünc medala yiyələniblər.

Uzunluğa tullanma üzrə qızların yarışında ukraynalı atlet Mariya Horielova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Norveç təmsilçisi Mia Lien gümüş, finlandiyalı Nea Lento isə bürünc medalla kifayətləniblər.

Qızlar arasında şüvüllə tullanma yarışında isə almaniyalı Sarah Vogel bütün rəqiblərini qabaqlayaraq adını çempionlar siyahısına yazdırıb. Gümüş medalı Klara Fernandes qazanıb. Danimarkalı Klara Skriver Loesl və isveçli Rebeka Kruger bürünc medallara layiq görülüblər.

Oğlanlar arasında şüvüllə tullanma yarışında fransalı Antoni Ammirati qızıl medalın sahibi olub. Gümüş medalı Finlandiya təmsilçisi Yuho Alasaari, bürünc medalı isə Belarus idmançısı Dimitri Marfuşkin qazanıb.

Qızların çəkicatma yarışında Finlandiya təmsilçisi Silya Kosonen 72,35 metr nəticə ilə çempionluğunu rəsmiləşdirib. İtaliyalı Reçele Mori ikinci, Ester İmariaqbi isə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan atletlərindən qızlar arasında 100 metr məsafəyə maneələrlə qaçış yarışında Ayana Seyuşova (17,19 saniyə), hündürlüyə tullanmada Ləman Hüseynova (1,49 metr), oğlanlarda isə 800 metr məsafəyə qaçış yarışında çıxış edən Vahid Kərimov mübarizəni dayandırıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı mübarizəyə qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb.

"EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti