Bakı. Trend:
Azərbaycan Cüdo Federasiyası (ACF) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Avstriyanın “Complex Core” şirkəti ilə əməkdaşlıq çərçivəsində cüdo üzrə milli komandanın üzvlərinin müxtəlif tibbi və fiziki testlərdən keçirilməsi layihəsinə start verib.
ACF-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, testlər zamanı idmançıların ümumi sağlamlıq və fiziki vəziyyəti yoxlanıb. Əldə edilən məlumatlar idmançıların ümumi və fərdi məşq proseslərinin qurulması, həmçinin çəki məsələlərinin idarəedilməsi üçün istifadə ediləcək. Digər vacib istifadə sahəsi isə cüdoçularımızın zədələnmələrinin qarşısının alınması üçün mümkün risklərin müəyyənləşdirilməsi və bununla bağlı önləyici tədbirlərin görülməsidir.