Bakı. Trend:
Oktyabrın 30-dan 31-dək Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə qadınlar və kişilər arasında Bakı şəhər çempionatı keçiriləcək.
Trend xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Yarışda Bakının 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 238 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 29-30 noyabr – 1 dekabrda keçiriləcək qadınlar və kişilər arasında cüdo üzrə ölkə çempionatına seçim xarakteri daşıyır.