Bakı. Trend:
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe debüt mövsümündə klub tarixində və İspaniya La Liqasında yeni rekordlara imza atıb.
Trend-in məlumatına görə, La Liqanın 37-ci turunda "Sevilya"ya qarşı keçirilən səfər oyununda (2:0) hesabı açan 26 yaşlı futbolçu bütün turnirlər üzrə bu mövsüm 41-ci qolunu vurub. Bu göstərici Mbappenin PSJ-dən azad agent kimi keçidindən sonra "Real" forması ilə çıxdığı 55 oyunda əldə olunub.
Mbappe bu nəticə ilə "Real Madrid"in debüt mövsümündə ən çox qol vuran futbolçusu olub. Əvvəlki rekord 1992/93 mövsümündə 37 qolla çilili İvan Samoranoya məxsus idi.
Fransalı ulduz, həmçinin La Liqada da debüt mövsümünə görə rekord qırıb – 29 qol. Bu göstərici ilə o, Alfredo Di Stefanonun 1953/54 mövsümündə vurduğu 27 qolu geridə qoyub.